Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Bakıda «Bolt» şirkəti ilə çalışan taksi sürücüləri gediş tariflərinin və nəticədə sürücülərin gəlirlərinin aşağı olmasına qarşı etiraz aksiyası keçiriblər.
"Bolt"un taksi sürücüləri etiraz etdi: Qiymətlər “qəpik-quruş”dur - VİDEO
Taksi sürücüləri "Bolt"un Bakıdakı ofisinin qarşısına toplanaraq etirazlarını bildirib, qazanclarının «qəpik-quruş» olduğunu bildiriblər. Sürücülər bildirib ki, hazırki qiymətlər digər ictimai nəqliyyat növlərinin qiyməti ilə hesablanarsa, taksi xidməti avtobus və metro ilə demək olar ki, eynidir.
Məsələ ilə bağlı, «Bolt»un baş ofisi FED.az-a açıqlama verib. Azərbaycanda minlərlə sürücünün «Bolt»la əməkdaşlıq etdiyin xatırladaq şirkət bildirib ki, sürücülərlə dialoqa və onların rəylərini dinləməyə hazırdır: «Biz sürücülərin etiraz etmək və fikirlərini bildirmək hüququnu dəstəkləyirik, onlar ilə dialoqa açığıq. Azərbaycanda minlərlə sürücü Bolt tətbiqindən istifadə edir.
Bolt komandası olaraq biz inanırıq ki, xoşbəxt sürücülər sərnişinlərə daha keyfiyyətli xidmət göstərir. Buna görə də biz sürücülərimizə həmişə hörmətlə yanaşırıq və əsas məqsədimiz onları bazarda ən yüksək saatlıq qazanc ilə təmin etməkdir. Biz həmişə vəziyyəti təhlil edirik ki, tariflər müştərilər üçün cəlbedici olsun, qazanc imkanı isə sürücü tərəfdaşlarımızı həvəsləndirsin».
«Bolt» sürücüləri şirkətlə bağlı rəylərini bildirməyə çağırıb: «Sürücülərimizdən Bolt ilə bağlı təcrübələri barədə bizə rəy bildirmələrini xahiş edirik, çünki sürücülərimizə keyfiyyətli xidmət və dəstək göstərmək üçün məhz bu rəylərə əsaslanırıq. Çox sayda tərəfdaş sürücülərin olmasına baxmayaraq, biz onların hər birinin fikrini diqqətə alırıq».
Bununla yanaşı, «Bolt» şirkəti FED.az-a bildirib ki, hazırda «Bolt» sürücülərə ən yaxşı əməkdaşlıq şərtləri və gəlir səviyyəsi təklif edən şirkətlərdəndir: «Biz həmişə komissiya, avtomobilə texniki qulluq və sairə kimi bütün müvafiq amilləri nəzərə alaraq sürücülər üçün təkliflərimizi tənzimləyirik ki, sürücülər daha çox qazana, eləcə də tətbiqdə hər gün kifayət qədər sifarişlər ala bilsinlər».
«Bolt»u tərk edən sürücülərə gəlincə, şirkət bildirir ki onların bir çoxu geri qayıdır: «Platformamızdan istifadəni dayandırmağa və digər xidmətləri sınamağa qərar verən bəzi sürücüləri də başa düşürük - bu, onların seçimidir. Hətta bundan sonra onların bir çoxu yenidən Bolt ilə əməkdaşlığı bərpa edir. Sürücülər və xidmət istifadəçiləri üçün ən yaxşı şəraiti təmin etmək istiqamətində dayanmadan işləməyə davam edəcəyik».
Qeyd edək ki, «Bolt» əsas məqsədi şəhərlərdə hərəkəti asanlaşdırmaq, təhlükəsiz və ekoloji cəhətdən təmiz etmək olan çoxfunksional tətbiqdir. Avropa və Afrikanın 45 ölkəsində (400-dən çox şəhər) 100 milyondan çox insan Bolt xidmətlərindən istifadə edir. Bu gün şirkət dünya üzrə 2,5 milyondan çox sürücü və 100 000-dən çox kuryerlə əməkdaşlıq edir.