Xaçmaz sakini Cəbrayıl Paşayev təsərrüfatda istifadə olunan qeyri-adi maşınlar düzəldir.
«Tesla»nın yeni TIR avtomobili hamını üstələyib – REKORD VURUB
FED.az xəbər verir ki, rayonun Mollabürhanlı kəndində yaşayan 38 yaşlı Cəbrayıl bu günə kimi sifariş əsasında 20-dən çox belə texnika hazırlayıb.
O, quraşdırdığı maşınlarda mühərrik əvəzinə elektrik generatoru və ya su nasosundan istifadə edir. Sürətlər qutusu, yaylar, əyləc sistemi, təkərlər və bir çox başqa detallar “Jiquli” markalı avtomobilin hissələridir.
“Uşaqlıqdan texnikaya marağım var. İlk belə maşını özüm üçün hazırladım. Bir çox çatışmazlıqlar vardı. Təcrübə artdıqca daha funksional maşınlar quraşdırmağa başladım. İndi Xaçmazda mənim hazırladığım 20-25 belə maşın istifadə olunur. Hətta birini Sabirabad sakini üçün düzəltmişəm. Kənd təsərrüfatı üçün əla maşındır. Qoşqu qoşub ot, meyvə və başqa yükləri daşımağa, bağları dərmanlamağa çox əlverişlidir. Dördtəkərli ötürücüyə malik bu maşınlar hərəkət zamanı təhlükəsizdir”, - deyə Cəbrayıl Paşayev söyləyib.
Bu maşınlarla mühərrikinin gücündən asılı olaraq 2 tona kimi yük daşımaq mümkündür. Bir litr benzin 20-25 kilometr məsafə qət etməyə bəs edir. Maşının maksimal sürəti 30 km/saatdır.
Cəbrayıl Paşayev maşınları təxminən bir ay ərzində quraşdırır. Maşınlar əsasən sifariş əsasında hazırlanır. Qiyməti 2-3 min manat arasında dəyişir.
“Bu maşınların bənzəri olan kiçik traktorlar satışda 8-10 min manatdır. Mən hazırladığım maşınların qiyməti isə daha münasibdir. Müştəri güclü mühərrik, yeni təkərlər, əlavə elektrik avadanlıqları tələb edəndə qiymət bahalaşır. Maşını 1 aya hazırlayıram. Ehtiyat hissələrini, dəmir lövhələri satışdan alıram. Əvvəllər dəmir qəbulu məntəqələrində bəzi hissələr olurdu. İndi tapılmır. Əziyyətli və diqqət tələb edən işdir. Maşın hazır olandan sonra özümə zəhmət haqqı alıram”, - deyə o bildirib.
C.Paşayev Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində təhsil alıb. Quraşdırdığı maşınlar sayəsində indi rayonda tanınır. Sosial şəbəkələrdə də aktiv olan Cəbrayıl izləyicilərinə hazırladığı maşınlar haqqında məlumatlar verir. (Azərtac)