Azərbaycanın sığorta sektorunda unikal şikayət qeydə alınıb. FED.az xəbər verir ki, avtomobil sahibi sığorta ödənişini ona 1 saat 40 dəqiqə ərzində ödənilməsindən narazılıq edib.
Narazılıq edilən şirkət isə «Kasko Butik» şirkəti olub.
Eləcə də bax:Nissan-ın dünya miqyasında 10 000 nəfəri - İŞDƏN ÇIXARACAĞI BİLDİRİLİR
Hadisə iyulun 7-də Bakının Nərimanov rayonunda, Montin ərazisində baş verib. Sığortası olan «Toyota RAV-4» avtomobili başqa maşınla toqquşub. «Kasko-Butik» şirkətinin rəhbəri Xəyal Məmmədxanlı FED.az-a bildirib ki, hadisə barədə məlumat alınan kimi, əməkdaşlar dərhal hadisə yerinə gedib, avtomobili dərhal Babək prospektində yerləşən «Subaru», «Toyota» və «Honda» servis mərkəzinə göndəriblər: «Servisdə maşina dəyən zərər qiymətləndirilib, maşına 290 manat zərər hesablanıb. Növbəti gün vətəndaş ofisə dəvət edilib. Saat 12-50-də gəlib. Onunla söhbət zamanı qəza zamanı maşını kimin idarə etməsi ilə bağlı qeyri-müəyyənlik ortaya çıxıb. Maşını gah atasının, gah da özünün idarə etdiyini bildirib. Bu da müəyyən şübhə yaradıb və qəzanın baş verdiyi ərazinin kameralarına yenidən baxılıb. Və nəticədə saat 14-15-də vətəndaş akta imza edib. Ona düşən zərər kimi hesablanmış 290 manatın 122 manatı franşizaya çıxılıb («S» paket olduğuna görə), üstündə də 30 manat taksi pulu verilib və vətəndaşa 198 manat ödəniş edilib».
Şikayətə gəlincə, X.Məmmədxanlının sözlərinə görə, müştəri bir neçə gün sonra onlara müraciət edərək, ödənişin elan edildiyi kimi 59 dəqiqə deyil, 1 saat 40 dəqiqə ərzində edildiyindən narazılıq edib: «Amma özü aktda ödənişdən və xidətdən razı qaldığnı bildirərək imza atıb. Ona görə də şikayətin nədər yaranmasının səbəbi bizə də aydın olmadı».