Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinə bir sıra güzəştlər tətbiq edilməyə başlanılıb.
Eləcə də bax: Xaricdən gətirilən hibrid avtomobilləri - KƏSKİN BAHALAŞIB
FED.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə məlumat verib.
Onun sözlərinə görə, müasir dövrdə sənayeləşmənin və nəqliyyat vasitələrindən istifadənin artması, xüsusilə böyük şəhərlərdə atmosfer havasının keyfiyyətinə mənfi təsir göstərir: "Son zamanlarda ətraf mühitə dost olan qabaqcıl texnologiyaların tətbiqi və müəssisələrin modernləşdirilməsi nəticəsində sənaye sektorundan ətraf mühitə təsirlər əhəmiyyətli dərəcədə azalıb. Hazırda atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi nəqliyyat vasitələridir. Statistika göstərir ki, ölkəmizdə istismarda olan avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ildən çoxdur, ekoloji təmiz nəqliyyat vasitələrinin faizi isə çox azdır. Bütün bunları nəzərə alaraq qabaqcıl beynəlxalq təcrübəyə uyğun ölkəmizdə də ekoloji təmiz elektrik və hibrid avtomobilləri və onların istifadəsi üçün zəruri olan enerji doldurucularına bir sıra maliyyə güzəştləri tətbiq edilməyə başlanıb".
Nazir müşaviri qeyd edib ki, paralel olaraq avtoparkın yenilənməsini təşviq etmək məqsədilə bu ildən istehsal tarixindən asılı olaraq minik avtomobillərinin idxalı zamanı differensial yanaşma tətbiq olunur: "Bu məsələ son illərdə təsdiq edilmiş starteji sənədlərdə də öz əksini tapır. “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi məsələsinə geniş yer verilib”.
“Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nəzdində yaradılmış İşçi Qrupun 2022-ci il üzrə təsdiqlənmiş “Ekoloji təmiz nəqliyyat vasitələrinin stimullaşdırılması və təşviqi” üzrə Yol Xəritəsinin icrasında dövlət və özəl sektor nümayəndələri koordinasiyalı şəkildə fəaliyyət göstərir”.
O vurğulayıb ki, görülən tədbirlər nəticəsində son illərdə ekoloji təmiz nəqliyyat vasitələrinin sayında müəyyən artım müşahidə olunsa da, hələ də nəqliyyat parkında bu cür avtomobillər kiçik bir yer tutur: "Avtonəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirini kifayət qədər azaltmaq üçün nəqliyyat parkının yenilənməsi prosesini sürətləndirmək və ekoloji təmiz nəqliyyat vasitələrindən, həmçinin ekoloji təmiz yanacaqdan istifadəni genişləndirmək istiqamətində əlavə stimullaşdırıcı tədbirlərə ehtiyac var". (Report)