İlin əvvəlindən başlayaraq fevralın 20-dək Azərbaycana elektrik mühərrikli 195 ədəd avtomobil idxal olunub.
Yanvarda Azərbaycanda maşınların istehsalı - İKİ DƏFƏ ARTIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini İsmayıl Hüseynov "Rəqəmsal idarəetmə platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusunda konfransda deyib.
"Aparılan təhlillə müəyyən edilib ki, 2019-cu ildə Azərbaycana 132 ədəd, 2020-ci ildə 167 ədəd, 2021-ci ildə isə 160 ədəd elektrik mühərrikli avtomobil idxal olunub. İdxal edilən hibrid avtomobillərin sayı 2019-cu ildə 3645, 2020-ci ildə 5081, 2021-ci ildə isə 12 936 olub. Görülən tədbirlər sayəsində Azərbaycana idxal olunan elektrik mühərrikli avtomobillərin sayı ötən il 486 ədəd artıb. 2023-cü il fevralın 20-dək ölkəyə idxal edilən elektromobillərin sayı isə 195 olub", - o deyib.
İ.Hüseynov ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı yol xəritəsində bu nəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi ilə əlaqədar dörd istiqamət müəyyən edilib.
Onun sözlərinə görə, bu istiqamətlər aşağıdakılardır: elektromobillərin və hibrid nəqliyyat vasitələrinin istifadəsi ilə əlaqədar olaraq təhlilin və qiymətləndirmənin keçirilməsi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi üzrə təkliflərin hazırlanması, elektromobillərin və hibrid nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi üçün maliyyə əlçatanlığının təmin edilməsi, elektromobillərin və hibrid nəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi üçün zəruri infrastrukturun yaradılması.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobilləri idxal gömrük rüsumundan azad edilib. (Trend)