Rusiyada avtomobil təkərlərinin qiymətləri son bir ay ərzində təxminən 10-30 % artıb. Rusiyada istehsalı dayandıran xarici markaların təkərləri isə nəzərəçarpacaq dərəcədə bahalaşmaqdadır. Rublun məzənnəsindəki dalğalanmalarından sonra hər gün qiymətlər dəyişir.
Eləcə də bax: Rusiyada məşhur markaların işlənmiş avtomobillərinin qiymətləri - 15-32% ARTIB
Təbii ki, bu proses Azərbaycana da təsirsiz ötüşmür.
FED.az xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən təkər şirkətlərindən birinin rəhbəri olan Sahib Feyzullayev Rusiya-Ukrayna münaqişəsinin başlanmasından sonra yerli bazarda yaşanan problemlərdən danışdı.
O bildirir ki, logistika problemləri qiymətlərin iki dəfəyə yaxın artmasına səbəb olub: "Müştərilər də azalıb. Gələn müştərilər də nağd pul əvəzinə kredit kartı ilə ticarətə üstünlük verirlər. Hazırda aldığımız məhsulların böyük bir qismi Rusiya-Azərbaycan sərhədində qalıb. Konkret olaraq bizim sifariş verdiyimiz 4 TIR mal sərhəddədir. Bir TIR-da təxminən 30-50 min manatlıq mal var".
S.Feyzullayev Yaponiyanın “Yokohama” şirkətinin Rusiyadan çıxmasını da əsas problemlərdən hesab edir: "Vəziyyət belə davam etsə, biz malları Yaponiyadan sifariş verməli olacağıq. Bu isə çox əlverişsizdir. İlk növbədə malların ölkəmizə çatdırılmasına uzun müddət tələb olunacaq: təxminən, 6-7 ay vaxt lazım olacaq".
İş adamı deyir ki, əvvəl 85 manata satdığı təkəri indi 95-97 manata satır. Bu qiymət artımının davam edəcəyini də istisna etmir: "Yolunu gözlədiyimiz mallar gələndən sonra növbəti qiymət artımı olacaq. Çünki logistika xərcləri olduqca yüksəlib”.
Başqa bir şirkət rəhbəri Süleyman Qəribov hesab edir ki, Rusiyadan alınan təkərlər əsasən sovet maşınları üçündür:
"Onun da alternativi Çindən gətirmək mümkündür, ona görə də bu bazarda təkər satışında qiymət artımı müşahidə olunmur. Gələcəkdə də qiymətlərin yüksələcəyini düşünmürəm. Doğrudur, Yaponiyanın Rusiyada olan zavodundan təkər alan iş adamları, şirkətlər var. Onlarda ola bilsin, problem yaransın. Yəqin ki, onlar Yaponiyanın özündən ticarətə başlayacaqlar. İndiyədək isə, yapon firmalardan təkər alan bizim iş adamlarımız Moskva nümayəndəliyi ilə sənədləşmə aparırdılar. Mən təkərləri Çindən alıram. Oradan da aldığım üçün Rusiya ilə nə logistikada, nə də daşınmada heç bir əlaqəm olmur. Yerdə qalan mallar da hamısı Dubayın Cəbal Əli limanından gəlir. ABŞ İrana sanksiya qoyduğu üçün bəzi ölkələr ora mal göndərmir. İran ərazisindən də tranzit ilə malları gətirmək mümükün deyil. Çində elə zavod var ki, onlar İran gəmilərinə mal yükləmirlər, ona görə biz Cəbal Əliyə, oradan da İran ərazisini aşaraq Azərbaycana gətiririk".
Onun sözlərinə görə, hazırda sovet maşınları üçün Çindən gətirilən 1 ədəd təkərin qiyməti 50-55 manatdır.
Məşhur təkər firmalarından birinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Səlimov deyir ki, məhsulu sırf Avropadan aldıqları üçün heç bir problem yaşamırlar: "Türkiyədən, Çindən də mallar alırıq. Amma daşınmalar Rusiya ərazisindən keçmədiyi üçün logistika ilə bağlı problemimiz də yoxdur.
Qiymət artımı xammalın bahalaşması ilə bağlı var. Yəni, bahalaşma Almaniyada, məhsullarımızın istehsalçısı olan zavodlarda baş verir. Bunun isə Rusiyaya və oradakı proseslərə heç bir aidiyyəti yoxdur”.
Qeyd edək ki, əslində xammalın bahalaşması da dolayı yolla Rusiya ilə bağlıdır. Çünki təkərin istehsalı üçün istifadə edilən xammal (rezin) neftdən alınır. Neftin qiyməti bahalaşdığı üçün rezin də bahalaşıb. Neftin dünya bazarlarındakı qiyməti də elə Rusiyadakı proseslərdən asılıdır. (Report)