2017-2023-cü illərdə Azərbaycana 4 236 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib.
Azərbayanda ən populyar 10 avtomobil brendi - SİYAHI - ARAŞDIRMA
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilərə istinadən xəbər verir.
Ölkəyə elektrikli nəqliyyat vasitələrinin idxalı 2017-ci ildə 88 ədəd, 2018-ci ildə 101 ədəd, 2019-cu ildə 132 ədəd, 2020-ci ildə 167 ədəd, 2021-ci ildə 160 ədəd, 2022-ci ildə 486 ədəd, 2023-cü ildə 3 102 ədəd təşkil edib.
Bu ilin yanvar-iyul aylarında isə ölkəyə 1 792 elektrik mühərrikli nəqliyyat vasitəsi gətirilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ildə Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 579 ədəd təşkil edib. Bunlardan 570-i minik avtomobili, 7-si avtobus, 2-si yük avtomobili olub. 2023-cü ildə isə ölkədə 3 115 minik avtomobili, 15 avtobus, 5 yük avtomobili olmaqla, ümumilikdə 3 135 elektriklə işləyən nəqliyyat vasitəsi qeydə alınıb.
2019-cu il yanvarın 1-dən Azərbaycanda elektrik mühərriklə işləyən nəqliyyat vasitələrinin idxalı, 2022-ci il yanvarın 1-dən isə satışı ƏDV-dən azad edilib.
Cari ilin mart ayında Prezident İlham Əliyev ölkədə elektromobillərdən istifadənin təşviqi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamla hökumətə bir ay ərzində elektrik şarj stansiyalarının yerləşdirilməsi və quraşdırılması yerlərini müəyyən etmək tapşırılıb.
Hazırda Bakıda 4 məntəqədə ("İçərişəhər", "Yasamal 120" yarımstansiyalarının ərazisində, Tədris və İnnovasiylar Mərkəzində, Xəzər rayonu, Buzovna qəsəbəsində) enerjidoldurma cihazları quraşdırılaraq istismara hazır vəziyyətə gətirilib.
Daha 12 nöqtədə isə (Nərimanov rayonunda Atatürk parkı, metronun "Gənclik" stansiyası, Aşıq Molla Cümə küçəsində, 215 saylı yarımstansiyanın yaxınlığında, Səbail rayonunda Nizami küçəsində və Ağ Şəhər bulvarı dairəsində, Maştağa elektrik şəbəkəsinin ərazisində yerləşən 110/35 kV-luq "Sea Breeze" yarımstansiyasında və "Sea Breeze" yaşayış kompleksinin parkinq ərazisində, Xətaidə "Ağ şəhər-1" və "Ağ şəhər-2" yarımstansiyalarının ərazisində, Xəzər rayonunda Qala-Mərdəkan yolunun üzərində, Nəsimidə "Dağlıq" yarımstansiyasında, Nizami rayonunda Qara Qarayev küçəsində) enerjidoldurma məntəqələri quraşdırılıb və hazırda son tamamlanma işləri həyata keçirilir.
Regionlarda, yəni Yevlaxda, Salyanda, Qəbələnin Hacıallı kəndində, Qarabağ və Şərqi Zəngəzurda isə Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd, Xocalıda da enerjidoldurma məntəqələri quraşdırılıb. Bu il üçün ölkədə 147 nöqtədə enerjidoldurma məntəqələrinin quraşdırılması nəzərdə tutulub. Bunlardan 69-u paytaxtın, 58-i regionların, 20-si isə Qarabağ və Şərqi Zəngəzurun payına düşür.
Məlumat üçün deyək ki, bu gün dünyada 2020-ci ildən qeyd edilən Ümumdünya Elektrikli Avtomobillər Günüdür. Beynəlxalq Enerji Agentliyinin “Global EV Outlook 2024” hesabatına əsasən, 2023-cü ildə satılan təxminən hər beş avtomobildən biri elektromobil olub. Ötən il dünyada təxminən 14 milyon yeni elektrikli avtomobil qeydə alınıb və nəticədə elektromobillərin yollarda ümumi sayı 40 milyona çatıb. (Apa)