Cari ilin aprel ayında Neftçala sənaye zonasında yerləşən avtomobil zavodunda avtomobil istehsalına start veriləcək.
Bu barədə FED.az-a "AzerMash" şirkətinin qurucusu Emin Axundov məlumat verib.
Onun sözlərinə görə, zavodun açılışı martın sonunda baş tutmalıdır. O qeyd edib ki, açılış mərasimində martın 28-də Azərbaycana səfəri planlaşdırılan İran prezidenti Həsən Ruhaninin iştirak edəcəyi gözlənilir.
Eləcə də bax: Ən yığcam avtomobil modelləri – SİYAHI, QİYMƏT
Müəssisədə Dena, Rana, Soren, Samand markalı avtomobillərin, həmçinin Peugeot avtomobilin bir sıra modellərinin istehsal edilməsi nəzərdə tutulub. Zavodun illik istehsal gücü 10 min avtomobil təşkil edəcək. Gələcəkdə avtomobillərin Ukraynaya, Rusiyaya və Orta Asiya ölkələrinə ixrac edilməsi planlaşdırılır.
Emin Axundov əlavə edib ki, hal-hazırda zavodda ehtiyat hissələrinin istehsal olunması imkanları müzakirə edilir.
Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıb. Layihənin dəyəri ümumi 24 milyon manata bərabər olaraq qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək.