Bu ilin ilk 9 ayında Azərbaycana 1 milyard 432 milyon dollar dəyərində 78 min 205 ədəd minik avtomobili idxal edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı dəyər ifadəsi ilə 326,3 milyon dollar və ya 29,5%, miqdar ifadəsi ilə isə 18 min 726 ədəd və ya 31,5% artıb.
Ötən ilin eyni dövründə xaricdən 1 milyard 106 milyon dollar dəyərində 59 min 479 ədəd minik avtomobili gətirilmişdi.
1 ədəd minik avtomobilinin orta idxal qiyməti 2025-ci ilin 9 ayının nəticələrinə görə orta hesabla 18 min 309 dollar (31 min 125 manat) olub ki, bu da son bir ildə 272 dollar (462 manat) və ya 1,5% ucuzlaşma deməkdir.
2024-cü ilin yanvar-sentyabr aylarında isə 1 ədəd minik avtomobilinin orta idxal qiyməti 18 min 587 dollar (31 min 598 manat) olub.