2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 52 milyon 83 min dollar dəyərində 1 732 ədəd yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi (elektromobil) idxal olunub.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə elektromobillərin idxalı kəskin şəkildə azalıb. Belə ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 104 milyon 237 min dollar dəyərində 2 min 592 ədəd elektromobil gətirilmişdi.
Göründüyü kimi, illik müqayisədə idxal olunan elektromobillərin dəyəri 52,2 milyon dollar (49,9%), sayı isə 860 ədəd (33,2%) azalıb.
1 ədəd elektromobilin orta idxal qiyməti bu ilin 10 ayının nəticələrinə görə orta hesabla 30 min 71 dollar (təxminən 51 min 121 manat) olub. Bu da son bir ildə 10 min 144 dollar (təxminən 17 min 245 manat) və ya 25,2% ucuzlaşma deməkdir.
2024-cü ilin yanvar-oktyabr aylarında isə 1 ədəd elektromobilin orta idxal qiyməti 40 min 215 dollar (təxminən 68 min 366 manat) olmuşdu.












