“Volkswagen”in törəmə şirkəti olan “Audi” Brüsseldəki zavodunda istehsalı gələn ilin fevralında dayandırmağı planlaşdırır. Şirkət bu qərar barədə həmkarlar ittifaqlarını artıq məlumatlandırıb.
Azərbaycana gətirilən hibrid avtomobillərin qiyməti - BAHALAŞIB
FED.az xəbər verir ki, zavodun bağlanmasının əsas səbəbi tələbin aşağı düşməsi və xərclərin artmasıdır. “Audi” şirkətinin rəhbərliyi zavodun bağlanması barədə məlumatlandırma və məsləhətləşmə prosesini iki həftə ərzində yekunlaşdırmağı planlaşdırır.
Zavodun gələcəyindən narahat olan işçilər bu yaxınlarda qeyri-adi etiraz aksiyası keçirərək 200 avtomobilin açarlarını oğurlamışdılar.
Üç min nəfərin işlədiyi zavod təkcə elektrikli “Q8 e-tron” avtomobili istehsal edir. Bu model Çin bazarında xüsusilə uğurlu olub. Çindən gələn tələbin hazırda kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar satışların həcmi də azalıb. Logistik xidmətlərin yüksək olması da şirkət üçün əlavə çətinlik yaradır.
“Volkswagen” şirkəti hazırda ciddi böhranla üzləşdiyi üçün Brüsseldəki zavodda hər hansı yeni modelin istehsalını planlaşdırmır. “Q8 e-tron”un yeni versiyasının Meksikada istehsal edilməsi gözlənilir. Mütəxəssislərin fikrincə, “Audi” bu sahəni çinli istehsalçılara təhvil verə və ya Avropadan kənarda fəaliyyət göstərən hansısa Çin avtomobil istehsalçısı ilə əməkdaşlıq edə bilər.
“Audi” şirkəti zavodla əlaqədar hazırda potensial investorla müzakirələr apardığını elan edib. (Azərtac)