ABŞ sentyabrın 27-dən Çin istehsalı elektrik avtomobillərinə 100 faizlik gömrük rüsumları tətbiq etməyə başlayacaq.
Avropanın rüsumlarına baxmayaraq Çin elektromobil ixracını 12,6 faiz artırıb
FED.az xəbər verir ki, Bayden administrasiyası Çin elektromobillərinə gömrük rüsumlarının tətbiqi üçün hələ mayda başlatdığı prosesi başa çatdırıb. Birləşmiş Ştatların ticarət qurumu elektrik avtomobilləri üçün rüsumları 25 faizdən 100 faizə qaldırıb. Bundan başqa, elektromobillər üçün litium-ion akkumulyatorlarının tarifləri 7,5 faizdən 25 faizə, günəş panellərinin 25 faizdən 50 faizə qaldırılıb. ABŞ hökuməti bu qərarını daxili istehsalı qorumaq üçün qəbul etdiyini açıqlayıb.
Rəsmi Pekin Birləşmiş Ştatların bu qərarını sərt şəkildə qınayıb. Çinin Kommersiya Nazirliyi Vaşinqtonun bu addımını birtərəflilik və proteksionizm nümunəsi kimi qiymətləndirib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden mayın 14-də Çindən idxal edilən məhsullara 18 milyard dollarlıq yeni tariflərin tətbiq olunacağının anonsunu vermişdi. Yeni tariflər Ağ evin ABŞ-ın iqtisadi gələcəyi və milli təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən sahə adlandırdığı sənayeyə, o cümlədən polad, alüminium, yarımkeçiricilər, elektromobillər, akkumulyatorlar, günəş panelləri, gəmi boşaltma kranları və tibbi məhsullara təsir göstərir. Ən böyük rüsum elektromobillərin idxalına tətbiq ediləcək. Bayden 2032-ci ilə qədər ABŞ-da satılan yeni avtomobillərin üçdə ikisinin elektrikli olmasını istəyir və onların istehsalını təşviq etmək məqsədilə müxtəlif proqramlar həyata keçirir. Digər əhəmiyyətli tarif artımı elektrikli nəqliyyat vasitələrində istifadə olunan akkumulyatorlara aiddir. Bu, Çinin kritik mineralların hasilatı və emalı sahəsində hökmranlığı sayəsində 80 faizinə nəzarət etdiyi bazardır.
ABŞ-dan başqa, Kanada və Avropa İttifaqı da Çin elektromobilləri üçün gömrük rüsumlarını qaldırıb. Çinin kommersiya naziri Van Ventao tarif məsələsini müzakirə etmək üçün yaxın günlərdə Avropaya səfər edəcək. (Azərtac)