Xəbər verildiyi kimi, Azərbaycanda ilk dəfə olaraq sənaye üsulu ilə banan yetişdirilməsinə başlanılıb.
Azərbaycanın banan bazarı yenidən monopoliyaya qayıdır? – «TƏLƏB EDİRLƏR Kİ, İDXALI AZALDIN»
Azərbaycan xaricdən bananı neçəyə alır? - QİYMƏTLƏR ARTIB - RƏQƏMLƏR
FED.az-ın məlumatına görə, «Fruitland» MMC-nin Zirə qəsəbəsindəki istixanasında artıq ilk məhsul götürülüb. Layihə müəllifləri istehsalı hər il artıracaqlarını və idxal miqyaslarına qədər böyüdəcəklərini bildirirlər.
Azərbaycanda ilk banan istehsalı və şirkətin digər planları ilə bağlı FED.az-ın suallarını «Fruitland» MMC-nin direktoru Elnur Abdullayev cavablandırıb.
- Elnur müəllim, «Fruitland» şirkəti nə ilə məşğuldur?
- «Fruitland» olaraq ölkədə kənd təsərrüfatına yaradılan şəraitdən istifadə edərək meyvəçiliyə başlamışıq.
Meyvəçilik bizdə fərqli yönlərdə gedir – həm açıq sahədə, həm də istixana sahəsində meyvə bağları salırıq. 2 il əvvəl istixana şəraitində meyvə bağlarının salınmasına başladıq. Hazırda istixana şəraitində meyvələrimiz Zirə qəsəbəsində 30 hektarda meyvə bağlarında yetişdirilir.
- Bəs banan əkilməsində məqsəd nə idi, çünki bu bitki ənənəvi olaraq Azərbaycanda bitmir, yəni işin alınmaması riski də vardı
- Bizim əsas hədəfimiz Azərbaycanın idxal olunan meyvələrdən asılılığını aradan qaldırmaq üçün istixana şəraitində meyvə bağları salmaq idi. Bu layihənin bir istiqaməti olaraq düşündük ki, Azərbaycanda ən çox idxal olunan məhsullar siyahısında banan birinci yer tutduğuna görə və biz ilk olaraq Azərbaycanda banan yetişdirilməsinin layihəsinə başlamalıyıq. 2024-cü ilin yanvar- fevral aylarında bu layihəyə başladıq və bu gün sizin də gördüyünüz kimi layihəni uğurla başa çatdırmışıq. Azərbaycanda ilk dəfə olaraq banan yetişdirmək üzrə tam şirkət olaraq formalaşmışıq, bizim hədəfimiz - önümüzdəki iki üç ildə Azərbaycana idxal olunan bananın 20-30 faizini yerli bananla əvəz etməkdir.
- Elnur müəllim, iddia edirsiniz ki, Azərbaycanda bananı ilk dəfə sizin şirkət əkib, indiyədək Azərbaycanda banan əkilməyib?
- Ola bilər ki, bizə qədər banan yetişdirən olub, həyətində bir-iki ağac əkən olub, amma bizim bu gün əkdiyimiz həcmdə, yəni 10 hektar ərazidə Azərbaycanda ilk dəfə olaraq, bunu şirkətimiz həyata keçirdi.
- Bananın əkilməsi nə vaxt başlandı?
- Bir il əvvəl banan ağacları əkimi başladı, daha dəqiq desək, yanvar ayının 1-dən başlamışıq.
- Məhsuldarlıq necədir, yəni nə qədər banan götürülür?
- Məhsuldarlıq müddətdən asılıdır, yəni banan ağacı ting kimi alınıb, beş il müddətində öz gücünə çıxır, yəni hər il hər il məhsuldarlığı arta-arta gedir. Bizim mühəndislərin və aqronomların verdiyi ilkin məlumata, proqnoza görə, bu il hər ağacdan hardasa 25 -30 kq məhsul fikirləşirik. Bu ağac üçüncü-dördüncü ilə çatanda məhsuldarlıq 100 kiloya qədər gəlib çatacaq.
- Azərbaycanda banan bazarını araşdırmısınız? Hər il nə qədər banan yeyilir?
- Dövlət Statistika Komitəsindən alınan məlumata görə, Azərbaycana il ərzində 50 000 ton banan idxal olunur. Ona əsasən hesablasaq, gün ərzində Azərbaycanda banana tələbat 140 - 150 tondur.
- Sizin istehsal etdiyiniz bananın marketlərdə rast gəldiyimiz banandan fərqi nədir?
- Bizim istehsal etdiyimiz bananların hal-hazırda marketlərdə rast gəldiyimiz banandan birinci fərqi odur ki, bizim istehsal etdiyimiz bananların rəf ömrü, yəni dəriləndən sonra marketdəki rəflərdə qalma müddəti cəmi 3 gündür. Ancaq bu gün rəflərdə olan bananlar isə Ekvadordan və yaxud Afrikanın digər ölkələrindən bura gəlməsi 40-45 gün çəkir. Yəni bananın 40-45 gündə bura gəlməsi zamanı onun yolda xarab olmaması üçün onlara bəlli bir kimyəvi maddələrdən istifadə edirlər. Bizim də bu gün birinci fərqimiz Azərbaycan bazarına, xalqımıza qatqısız, dərmansız bananı istehsal edib verməkdir.
- Bananın xaricə ixrac planlarınız varmı yoxsa ancaq Azərbaycanda satışını həyata keçirəcəksiniz?
- İlk növbədə ixracdan asılılığımızı aradan qaldırdıqından sonra ixrac haqqında fikirləşə bilərik.
- Yerli bananın qiyməti necədir?
- Meyvə tərəvəzdə qiyməti bazar tənzimləyir. Yəni konkret bir rəqəmlə bizim bazara giriş etmək fikrimiz yoxdur. Əgər bu gün tələbat real bazarda bir manatsa, deməli məhsulumuz bir manata, tələbat 3 manatadırsa, məhsul üç manata satılacaq. Hazırda qiymət haqqında onu demək olar ki, kiloqramı 2-3 manat aralığındadır, yəni 3 manatdan baha deyil.
- Sizin də qeyd etdiyiniz kimi, Azərbaycana banan Ekvadordan, Afrikadan gəlir. Bəs bizim iqlim banan yetişdirmək üçün uyğundurmu? Yəni bizdə hamı banan əkib məhsul götürə bilərmi?
- Son 10 ildə Azərbaycanda bir çoxu banan yetişdirmək istədi, amma alınmadı.Biz isə, sağ olsunlar Türkiyədən dəvət elədiyimiz mütəxəssislər və yaratdığımız kollektivlə biz bu nəticələri almışıq.
- Yerli bananları hardan əldə etmək olar?
- Biz bu meyvənin ilkin yığımını Meyvəli bazarında və Okean marketlər şəbəkəsində satışa vermişik. Geri dönüşlər, insanların rəyləri çox müsbətdir, İnşallah ki, ayın 15-dən sonra Azərbaycanda böyük supermarketlər şəbəkəsi olan «Araz», «Oba», «Tamstore», «Rahat Market» - bütün marketlərin rəflərində bizim məhsulumuz olacaq.
Xatırladaq ki, Azərbaycanın hazırda tamamilə idxaldan ibarət olan banan bazarının miqyası həcmi baxımından 51-53 min ton, məbləğ baxımından isə 40-45 milyon dollar təşkil edir.
Belə ki, 2022-ci ildə ölkəyə ümumi dəyəri 37,3 milyon dollar olan 52 min ton, 2023-cü ildə ümumi dəyəri 36.6 milyon dollar olan 50,6 min ton, 2024-cü ilin 11 ayında isə ümumi dəyəri 44,3 milyon dollar olan 53,3 min ton banan idxal edilib. Ölkəmizə banan əsasən Ekvadordan gətirilir, bananın orta idxal qiyməti isə 0,72-0,83 dollar arasında dəyişir.