Azərbaycanda iş adamları idxalda monopoliyanın ləğvindən sonra yenicə rahat nəfəs almağa başlayıblar ki, bu sahədə yeni problemlər başlanıb.
Eləcə də bax: Dünyada banan qıtlığı yaranıb - QİYMƏTLƏR ARTIR
FED.az xəbər verir ki, bəzi sahələrdə idxalda monopoliya yenidən yaranır, amma bu dəfə monopoliyanı yaradanlar sahibkarların özləridir. Söhbət banan bazarından – ölkəyə xaricdən banan idxalından gedir.
Bazarın böyük oyunçuları, banan idxalına nəzarət edən iri şirkətlər, kiçik şirkətlərdən idxalı azaltmağı, bazar payını onlara güzəştə getməyi tələb edir. Əks təqdirdə, kiçik şirkətləri cəzalandırmaq üçün bananın «qiymətini öldürəcəklərini» və onları zərərlə işləyərək bazardan çıxaracaqlarını elan ediblər.
Banan idxcalı ilə məşğul olan şirkətlərdən biri - «AZ.FRUT.COMPANY» MMC-dən FED.az-a bildirilib ki, banan idxalına və ümumilikdə daxili bazarda banan satışına nəzarət edən iri şirkətlər onlardan idxalı azaltmağı tələb edir, onların bazar payını ələ keçirmək istəyirlər. Bununla razılaşmadıqda isə kiçik şirkətləri zərərə salmaq üçün bananın qiymətini süni şəkildə azaltmağa başlayıblar.
İnhisarçılıqla üzləşmiş şirkət prezident İlham Əliyevdən və müvafiq dövlət qurumlarından, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidmətindən kömək istəyir.
Ölkəyə 30 manata gətirilən banan 23 manata necə satılır?
Qeyd edək ki, dünyanın əksər ölkəsi kimi, Azərbaycana da banan Cənubi Amerikadan, Ekvadordan gəlir. Bu ölkə dünyada bananın əsas topdansatış bazası sayılır. Ekvadordan gəmilərə vurulan məhsul Gürcüstanın Batumi və Poti limanlarına, oradan isə avtomobillə Azərbaycana gətirilir.
Şirkətin təqdim etdiyi rəqəmlərdən məlum olur ki, bananın alınması, daşınması və gömrük rəsmiləşdirilməsindən sonra onun bir qutusu (20 kiloqram) ölkənin satış sisteminə ən ucuz variantda 27 manata daxil olur. Maya dəyərinə bananın Ekvadordan alış qiyməti, daşınma və gömrük xərcləri daxildir.
Bir konteyner – 1200 qutu və ya 24 ton bananın Ekvadordan alınıb Azərbaycana gətirilməsi 14500 dollara (9 300 dollar alış, 5200 dollar yol xərci) başa gəlir, yəni 24 650 manat. Gömrük rəsmiləşdirilməsi isə orta hesabla 11300 manatdır. Yeri gəlmişkən, FED.az-a açıqlamasında şirkət gömrükdə monopoliyanın olmadığını, hazırda bütün prosedurların şəffaf aparıldığını bildirir.
Nəticədə bananın bir konteyneri ölkənin satış sisteminə 36 min manata, bir qutu (20 kq) banan isə 30 manata daxil olur (yəni kiloqramı 1,5 manat). Bu - topdansatış şirkətlərinin bananı aldığı qiymətdir. Öz növbəsində maya əyərinin üzərinə topdansatış şirkətinin öz xərci - anbar, nəqliyyat, kommunal, işçilərin maaşları və gəlir marjası da əlavə edilir.
Bu proses bananın hər qutusunun üzərinə əlavə 2 manat gətirir və banan pərakəndə satışa – mağazaya 32 manata göndərilir (yəni kiloqramı 1,6 manat). Mağazalar isə bananın üzərinə öz satış marjasını – təqriğən 12-15% əlavə edərək onu 1,8-1,95 manata satmalıdır.
Amma bu - normalda olmalı haldır, reallıqda isə vəziyyət başqadır. Hazırda mağazaya gələn istənilən şəxs bananın kiloqramının 1,5-1,7 manata satıldığnı görə bilər. Bu qiymətlər banan idxalında yaranan vəziyyət, daha dəqiqi bazardakı «süni qiymət oyunları»nın nəticəsidir.
«Ayda 60-80 min manat zərərlə işləyirik»
Son aylar banan idxalında böyük paya malik olan şirkətlər nisbətən kiçik şirkətləri bazardan çıxarmaq və bazarı tamamilə ələ keçirmək üçün qiymətləri süni surətdə azaltmağa başlayıblar.
Belə ki, Bakıya yuxarıda da göstərldiyi kimi, 30 manata gəlib çıxan banan qutusu topdansatış məntəqələrində 27 manata, bəzən isə hətta 23-24 manata satılır. Şirkətlər bildirir ki, bu təzyiqlər artıq 4-5 aydır davam edir, sonuncu qiymət enməsi iyul ayının sonnudan başlayıb. Nəticədə iyunun 1-də qutusu 34 manat olan banan avqustun əvvəlində 23 manata, yəni Ekavadordan Bakıya gəlib çatan qiymətdən də aşağı düşüb.
Bu səbəbdən banan idxalı ilə məşğul olan şirkətlər nəinki qazanc əldə edə bilmir, hətta gətirdikdləri malı da maya dəyərindən ucuz satmağa məcbur olur, külli miqdarda zərər edirlər. İdxalçı şirkətlər FED.az-a etiraf edirlər ki, son aylar hər ay 60-80 min manat zərərə düşürlər.
«Bu vəziyyət, yəni şirkətin məcburi şəkildə hər ay böyük itkilərlə üzləşməsi dövlət büdcəsinə də zərər vurur. Biz Dövlət Vergi Xidmətinə bu məsələni araşdırmağı təklif edirik».
Bazarın oyunçuları: 2 inhisarçı və kiçik şirkətlər
Bəs qiymətləri süni şəkildə endirən və inhisarçılığı yaradan kimlərdir? Sadə araşdırma göstərri ki, hazırda Azərbaycana bananı bir neçə şirkət gətirir, bunlar – «Sitrus Store», «Amofrade», «AZ.FRUT.COMPANY», «NeroHold» və «Elfruit»dir. Bütün ölkəyə banan bu şirakətlərin xətti ilə yayılır.
Onlardan 2 ən böyüyü birlikdə bazarın 70-75%-nə nəzarət edən «Sitrus Store», və «Amofrade» şirkətləridir. Ölkəyə hər həftə daxil olan 49 konteynerin təqribən 18-i «Sitrus Store»nin (bazarın 37%-i), 16,5-i isə «Amofrade»nin (bazarın 34%-i) payına düşür. «AZ.FRUT.COMPANY» MMC həftədə orta hesabla 6 konteyner (daha dəqiqi 5,7 konteyner) banan idxal edir. Digər şirkətlər daha az həcmdə banan idxal edirlər.
«AZ.FRUT.COMPANY» MMC-dən FED.az-a bildirilib ki, qiymətləri süni surətdə aşağı endirən və kiçik şirkətlərə təzyiq edənlər də ən böyük paya malik olanlar - «Amofrade» və «Sitrus Store»dir.
Köhnə bazarın yeni oyunçusu
Qeyd edək ki, «AZ.FRUT.COMPANY» banan idxalı bazarına cəmi 2 il əvvəl daxil olub. Həmin vaxtlar aparılan islahatlardan sonra idxalda inhisarçılıq ləğv edilmişdi və şirkət bundan faydalanmaq istəyib.
Şirkət təmsilçilərinin sözlərinə görə, «AZ.FRUT.COMPANY» gətirdiyi məhsulların keyfiyyətinə dəqqətlə yanaşdığına görə, bananı Ekvadordan birbaşa özü alıb gətirir, ən keyfiyətli məhsul olan plantasiyalarla müqavilə bağlayıb: «Xüsusi olaraq plantasiyaları gəzib ən keyfiyyətli məhsulları sifariş edirik. Artıq Ekvadorda brendləşmişik, gələn qutuların üzərinə şirkətimizin adı yazılır. Öz adımıza görə, ən yaxşı malları yığırıq ki, müştəri tələbatın ödəyək».
Nəticədə bazara yeni daxil olmasına baxmayaraq, gətirdiyi məhsulun keyfiyyəti və daha çevik marketinq siyasəti ilə müştərilərin diqqətini cəlb edib və bəzi müştərilər bananı yeni şirkətdən almağa başlayıblar. Nəticədə şirkət cəmi 2 il ərzində bazar payını sürətlə artırıb.
«AZ.FRUT.COMPANY» MMC bildirir ki, onların bazar payının artdığını görən iri şirkətlər yeni şirkəti «cəzalandırmağı» və ona «yerini göstərməyi» qərara alıblar – beləliklə qiymətlər endirilib və şirkətlər zərərlə işləməyə başlayıblar.
İlk baxışdan bu vəziyyət alıcılar üçün sərfəli görünə bilər – banan şirkətləri «vuruşur» – özləri bilər, əvəzində qiymətlər enir, bundan da alıcılar faydalanır – deyə düşünmək olar. Amma burada da vəziyyət fərqlidir.
Əvvəla bu hal sağlam rəqabətə aiddir. Yəni şirkətlər rəqabət üçün qiymətləri aşağı sala bilərlər, amma bu qiymət heç vaxt maya dəyərindən aşağı olmur, çünki şirkət qazanc əldə etməlidir, əks halda biznesin mənası yoxdur, ya da vergidən yayınmalısan.
Bu bazarda isə qiymətlər maya dəyərindən də aşağı endirilib. Üstəlik, gələcəkdə bananın qiymətinin artması qaçılmazdır. Çünki, indiyədək zərərlə işləyən şirkət itkilərini kompensasiya etməlidir.
Bunun üçün əlverişli dövr qış aylarıdır. Yayda meyvə bol olduğu üçün bananın qiymətini qaldırmaq mümkün olmur, qaşda isə banan meyvə bazarının şəriksiz lideri - ən çox satılan meyvə olur. Təsadüfi deyil ki, ötən dövrlərdə, xüsusilə də Yeni il və ya Novruz bayramı gündlərində bananın qutusunun qiymətinin 65-72 manata qədər, kiloqramının isə 3,5 manata yüksəldiyi dövrlər olub. Halbuki real rəqabət olsa, bananın qiyməti yay-qış 1,7-2,2 manat ətrafında dəyişməlidir.
«Ölkəyə 3 konteynerdən artıq banan gətirmək olmaz»
Çətin vəziyyətə düşən kiçik şirkətlər çıxış yolu axtardıqları bir vaxtda inhisarçıların yaratdığı ikinci problemlə üzləşiblər.
Bu dəfə iri şirkətlər - «Amofrade» və «Sitrus Store» kiçik idxalçılara ultimatum veriblər ki, ölkəyə gətirdikləri bananın həcmini azaltsınlar. Əks halda qiymətləri bir qədər də endirib, qarşı tərəfi müflis edəcəklər.
«Dedilər gətirdiyiniz bananı azaldın. «AZ.FRUT.COMPANY» MMC olaraq həftədə 6 konteyner banan gətiririk, bizə bildirdilər ki, 3 konteynerdən artıq gətirə bilmərsiniz. Başqaları da bizim kimi, hərəyə 2-3 konteynerdən artıq gətirmək olmaz, amma öz paylarını azaltmadılar. Dedilər bir konteyner də olsa artıq banan gətirilsə, qiymətləri bir az da endirəcəyik».
Hər konteynerə görə ...10 min manat cərimə
İnhisarçılar kiçik şirkətlərin qarşısında digər şərt də qoublar. «AZ.FRUT.COMPANY» bildirir ki, bu tələbə əsasən, danışığa əməl etməyib artıq banan gətirənlər iri şirkətlərə kompensasiya ödəməlidirlər - hər konteynerə görə 10 min manat. Müqayisə üçün bildirək ki, bir konteyner bananın ümumi qiyməti 36 min manatdır.
Bazar sahibləri şirkətlərə bildirir ki, şərtə əməl etsələr və gətirdikləri bananın həcmini azaltsalar, qiymətlərin az-çox normal həddə olmasına icazə verəcəklər.
Qarşı tərəf, yəni «AZ.FRUT.COMPANY» MMC şirkəti isə belə şərtləri qəbuledilməz sayıb. Məsələ bundadır ki, Azərbaycanın banan bazarı sürətlə genişlənir və belə bir halda idxalı azaltmaq bazarı könüllü şəkildə təhvil verməkdir. Digər tərəfdən, belə bir şərt ümumiyyətlə qanunusuz, hətta məsuliyyət yaradan əməldir. İdxalçılar qarşısında belə bir tələb qoymaq - faktiki olaraq prezidentin rəhbərliyi ilə inhisarçılığa qarşı aparılan islahatlara qarşı çıxmaqdır. Təzyiq və hədə ilə üzləşən şirkətlər də bununla razılaşmır və müvafiq qurumlara müraciət etməyə hazırlaşırlar.
Təzyiqlə üzləşən şirkətlər də bununla razılaşmır, prezident İlham Əliyevdən və müvafiq qurumlardan, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidmətindən (AİBNX), Dövlət Vergi Xidmətindən və Kçik və Orta Biznesin İnkişafı Ageniliyindən kömək istəyirlər: «Vaxtilə dövlət başçısının həyat keçirdiyi islahatlarla idxalda inhisarçılıq ləğv edilib. İndi isə bunu yenidən yaratmağa, kiçik sahibkarları bazardan çıxarmağa çalışırlar. İstəyirik ki, dövlət qurumları qiymətlərin bu formada, süni surətdə dəyişməsinin və inhisarçılığa yol açan halların qarşısını alsınlar».
Vaxtilə bu hallara görə bir neçə şirkət bazardan çıxıb
Qeyd edək ki, belə hal 5 il əvvəl - 2016-ci ildə baş vermişdi. Həmin vaxt bananın qiyməti süni şəkildə 25 manata endirilmiş və banan idxalı ilə məşğul olan bir neçə kiçik şirkət üzləşdiyi zərərə dözməyərək bazarı tərk etməli olmuşdular. Alıcılar bu ucuzlaşmanı hiss etməyə macal tapmamış inhisarçılar qiyməti yenidən artırıblar.
Şirkətlər isə bildirir ki, inhisarçılıq olmasa və bazar sağlam tənzimlənsə, pərakəndə satışda bananın qiyməti mövsümdən asılı olaraq 1,8-2,2 manat arasında dəyşməlidir. Hazırda isə rəsmi məlumatlara görə, ölkədə bananın 1 kiloqramının orta illik pərakəndə satış qiyməti 2,3-2,6 manat arasında dəyişir
İdxalda daha bir «minalanmış sahə» - ANANAS BİZNESİ
Məsələ təkcə banan bazarı ilə bitmir. İdxalda yaranmış bu qeyri-rəsmi qaydalara görə, ölkəyə ananas gətirilməsi də problemə çevrilib. Bu bazar bütünlüklə iki şirkətin əlində cəmləşib, digər şirkətlərin bu bazara daxil olması demək olar mümkün deyil. Belə ki, «AZ.FRUT.COMPANY» MMC bu ilin əvvəlindən ölkəyə ananas idxalına da başlamağa qərar verib. Şirkət nümayəndələri bildirir ki, Yeni İl bayramı və ondan sonra gətirilən iki partiyadan sonra ananas inhisarçıları şirkətdən idxalı dayandırmağı, bu bazardan çıxmağı tələb ediblər.
Paralel olaraq bazarda ananasın satış qiyməti də kəskin endirilib. Belə ki, xarici ölkədən ananasın bir qutusunun (8 ədəd ananas olur) idxalı 27 manata başa gəlir. Digər xərcləri də nəzərə alanda bir qutu ananasın topdansatışdan çıxış qiyməti 32 manat olur.
Amma qiymətlər 25 manata endiyinə görə, şirkət də məhsulu hər qutusunda maya dəyərindən də 2-3 manat ucuz sataraq tez bazarı tərk etməli olub, üstəlik məhsulun hamısını sata bilməyib və bir hissəsi xarab olub. Nəticədə «ananas əməliyatından» şirkət 10 min manata yaxın zərərlə çıxıb və bu məhsulun adını birdəfəlik yaddan çıxarıb.
«Artıq oyunçu» bazarı tərk edəndən sonra ananasın qiyməti yenidən artıb - Ölkəyə hər biri 3,5 manata gətirilən banan topdansatışda 5,25 manata, mağazalarda isə 5,8 manata satılır. Halbuki, rəqabətli bazarda bu qiymət 4,5 manatı keçməməliydi.
«Biz heç kimə göstəriş verməmişik, indi yaydır, banan ona görə ucuzdur»
Müraciətdə adı çəkilən «Amofrade» şirkəti onun haqqında deyilənləri təkzib edir. Şirkətin rəhbəri Rəşad Babayev FED.az-a bildirib ki, şirkəti haqqında səslənən fikirlər həqiqətə uyğun deyil. Onun sözlərinə görə, «Amofrade» şirkəti olaraq bananın rəsmi idxalı ilə məşğuldur və bu işlə məşğul olan tərəflərə belə tələb irəli sürməyib.
O «AZ.FRUT.COMPANY» MMC-dən onun şirkəti ilə bağlı deyilənləri «böhtan» adlandırıb.
Bananın bazarda qiymətinin tez-tez dəyişməsinə və onun hazırda maya dəyərindən aşağı qiymətə satılmasına gəlincə, R.Babayev bildirib ki, meyvənin qiyməti tez-tez dəyişə bilər: «Meyvənin sabit qiyməti yoxdur, bazardır, bazarda vəziyyət yaxşı olanda qiymət də yaxşı olur, qısa müddətdən sonra isə onun qiyməti enə bilər. Meyvəni vaxtında sata bilməsən, sonra zibil kimi atmalı olarsan»-deyə şirkət rəhbəri bildirib.
Şirkət rəhbərinin sözlərinə görə, «Hazırda yay mövsümü olduğuna, meyvələr bol olduğuna görə, qiymətlər də aşağıdır. Qışda isə qiymətlər bunu kompensasiya edir, həm də, əhali əgər bananı daha ucuz alırsa, burada pis bir şey yoxdur. Həm də bizim Ekvadorla olan müqaviləmizə əsasən biz bu bananı hökmən almalıyıq».
150 milyon manatlıq bazara kim sahib duracaq
Azərbaycanın banan bazarı o qədər də kiçik deyil. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2020-ci ildə ölkəyə 38,8 milyon dollarlıq 54,4 min ton banan gətirilib. Bananin bir kiloqramı 71,3 sentdən rəsmiləşdirilib. Bunun üzərinə gömrük rüsum və vergilərini (36%), idxalçı şirkətlərin xərclərini və gəlir marjalarını, eləcə də pərakəndə satış marjasını əlavə edəndə banan bazarının son istehlakçıya çatan həcmi 120-150 milyon manat ətrafındadır. Üstəlik, bütün dünyada banan istifadəsi ildən ilə artır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, əgər 2015-ci ildə Azərbaycana 19,3 min ton banan gətirilmişdisə, 2018-ci ildə bu rəqəm 37,2 min ton, 2020-ci ildə isə 54,4 min ton olub.
Bananın idxalnın artması və bu sahədə çalışan şirkətlərin çoxalması isə son illər bananın idxal qiymətinin aşağı düşməsinə səbəb olub. 2015-ci ildə ölkəyə gətirilən bananın bir kiloqramı 95 sənddən rəsmilişdirilirdisə, 2016-da qiymət 83 sent, 2017-də 75 sent, 2018-2019-da 72 sent, nəhayət, 2020-ci ildə 71 sentə düşüb.
Məsələyə dövlət müdaxilə eləməlidir
Başqa sözlə, iştirakçıların sayının artması rəqabətin güclənməsi ilə yanaşı, bunun nəticəsi olaraq bananın qiymətinin aşağı düşməsinə səbəb olur. Bu əslində indiyədək idxalda aparılan islahatların nəticəsidir.
Bütün bu islahatlardan sonra bazarda yenidən inhisarçılıq yaratmaq cəhdləri həmin sahədə indiyədək aparılan dövlət siyasətinin əleyhinə çıxmaq deməkdir.
Bu mənada müvafiq dövlət qurumları, xüsusilə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət qurumu banan idxalı ilə bağlı vəziyyəti ciddi araşdırmalı və lazımi tədbirləri görməlidir. Əslində banan idxalında yaranan problem sözügedən qurumun fəaliyyəti üçün real test ola bilər. Ən əsası, belə halların qarşısının vaxtında alınması buna oxşar vəziyyətin digər sahələrdə də yaranmasının qarşısını ala bilər.