Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində “Ətçilər” adı ilə tanınan ərazi ləğv edilir.
Bu ünvanda evlər plana düşdü – Sakinlərə 2000 manat pul veriləcək
FED.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Artıq sözügedən küçədəki ticarət və iaşə obyektlərinin söküntüsünə başlanıldığı, 20-dən artıq kafenin söküldüyü bildirilir.
Məsələ ilə əlaqədar Modern.az-a açıqlama verən Yasamal Rayon İcra Hakimiyyətinin rayon təsərrüfat şöbəsinin müdiri Cəmil Qarayev məlumatı təsdiqləyib: “Bəli, doğrudur. Hazırda illər öncə qanunsuz fəaliyyət göstərən, antisanitar vəziyyət yaradan kafe, ət kəsimi yerlərinin söküntüsü gedir. Söküntü işləri aparılır, ərazi təmizlənir, piyadalar üçün şərait yaradılır”.
Şöbə müdiri qeyd edib ki, sökülən kafe, ət kəsim yerlərinə yenidən istifadə üçün icazə verilməyəcək: “Bura tam qanunsuz, zəbt olumuş ərazilərdir. Burada heç vaxt kafe nəzərdə tutulmayıb. Ərazi təmizlənib nəzarətə götürüləcək”.
Qeyd edək ki, sözügedən ərazidə ət satışı ilə yanaşı kababxana və kafelər də fəaliyyət göstərirdi.
***
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun Məhəmməd Xiyabani küçəsi boyunca iaşə obyektlərinin fəaliyyəti qanunsuz olub:
“Son zamanlar dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayan kafe və ət kəsimi məntəqələrinin işçiləri ərazidəki səkilərin zəbt edilməsinə və vətəndaşların normal gediş-gəlişinə maneə törədilməsinə səbəb olub.
Həmçinin ərazidəki kafe və ət dükanlarının fəaliyyəti antisanitariyaya yol açıb və nəticədə ətraf binalara tüstünün yayılması halları müəyyən edilib. Bütün bunları nəzərə alaraq ərazidə Bakı Şəhər Ticarət və Xidmət Departamenti ilə birgə qayda-qanunun və səliqə-səhmanın yaradılması istiqamətində müvafiq tədbirlər görülüb. Hazırda ərazidəki səkilər insanların normal hərəkəti üçün boşaldılıb, qanunsuz iaşə obyektləri sökülüb və küçədə səliqə-səhman yaradılıb”.