FED.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin dövlət əmlakının idarə edilməsi, o cümlədən icarəyə verilməsi və təbii fəlakət riski yüksək olan ərazilərlə özbaşına tikililərlə bağlı müsahibəsini təqdim edir:
Azərbaycanda özəlləşdirilmiş müəssisələrdən - YALNIZ 30%-İ AKTİV FƏALİYYƏT GÖSTƏRİR
- Mətin müəllim, Hesablama Palatası artıq neçə illərdir ki, dövlət əmlakının icarəsi ilə bağlı demək olar, eyni rəyi bildirir. Qeyd edilir ki, dövlət əmlakından büdcə daxilolmaları proqnoza nisbətən artıq icra edilir. Bununla belə, mövcud əmlakların cəmi 17-18%-i icarəyə cəlb edilir. Potensialdan niyə tam istifadə edə bilmirik?
Azərbaycanda tikilən binalar neçə ballıq zəlzələyə davamlıdır? - RƏSMİ CAVAB - VİDEO
- 2021-ci ildə dövlət əmlakının icarəsində büdcə gəlirlərilə bağlı proqnoz 11 milyon manat müəyyən edildiyi halda icra göstəricisi 16 milyon manat olub. 2022-ci ildə isə dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 16 milyon manat proqnoza qarşı 24,8 milyon manat icra edilib. Bu nə ilə əlaqədardır? Proqnoz verilərkən biz dövlət əmlakının həcmini müəyyənləşdiririk. Bildiyiniz kimi, dövlət əmlakı uzun müddət özəlləşdirildikdə onun bazası getdikcə daralır. Ona görə də qeyri-yaşayış sahələri üzrə icarə gəlirlərində cəmi 2% artım olub. Əsas diqqəti torpaq sahələrinin icarəsinə yönəltmişik. Yəni, özəlləşdirilmiş müəssisə və obyektlərin altında dövlət mülkiyyətində qalan torpaqların icarəyə verilməsi və qeyri-dövlət vəsaiti hesabına sahibkarların dövlət torpağında inşa etdiyi obyektləri üzrə dövlət torpaqlarının icarəyə verilməsi kimi.
Burada artımı əsasən vəsait hesabına deyil, say hesabına görə nəzərə almışıq. Dəyərlə bağlı biz başa düşürük ki, müəyyən mənada bu iqtisadi subyektlərin vəsaitlərində daha qənaətli olmasını tələb edir. Dövlət torpağına görə icarə haqqı verdiyi üçün qənaətlə istifadə edir. Digər tərəfdən, uzun müddət fəaliyyətsiz qalan müəssisələrin, xüsusilə də özəlləşmiş müəssisələrin iqtisadi dövriyyəyə qayıtmasını təşviq edən mexanizm yoxdur. Biz məhz icarələr hesabına onları iqtisadi fəaliyyətlə iqtisadi dövriyyəyə cəlb olunmasını təmin edirik. İcarə haqqı ödədiyi təqdirdə sahibkar obyektinin fəaliyyət göstərməsində maraqlı olur. Çünki icarə haqqı ödədiyi təqdirdə sahibkar maraqlı olur ki, onun obyekti fəaliyyət göstərsin, gəlir gətirsin. Bunun hesabına həm fəaliyyət təmin edilir, həm iş yerləri yaradılır, iqtisadi aktivlik artır, həm də daşınmaz əmlak bazarının canlanmasına xidmət göstərir. Belə ki, sahibkar fəaliyyətini davam etdirə bilmirsə əmlakını satışa çıxarır və digər sahibkar bu işi davam etdirir. Yəni, bizim məqsədimiz iqtisadi fəallığı təmin etməkdir.
Dediyiniz məsələ ilə bağlı mən də razıyam, daşınmaz əmlakın icarəsi ilə bağlı potensialı tam qiymətləndirə bilməmişik. Qeyri-yaşayış sahələrinin sayı məlumdu və icarəyə verilir. Dövlət torpaqları ilə bağlı isə üzərində qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektləri, özəlləşdirilmiş müəssisələrlə bağlı sahibkarları da nəzərə almalıyıq. Çünki sahə böyük olduqca icarə haqqı da artır. Bu da onların dövriyyə vəsaitlərinə təsir etmiş olur. Biz dövlət torpaqlarının icarəsi ilə bağlı tariflərin 1,5-2 dəfəyə qədər aşağı salınması və bununla bağlı bazanın daha da genişlənməsi, daha çox sahibkarın icarəyə cəlb olunması istiqamətində fəaliyyətimizi davam etdiririk. Məsələ ilə bağlı təkliflərlə çıxış etmişik, hazırda məsələ hökumətlə razılaşdırılır.
- Dövlət əmlakının icarəsi ilə bağlı hərraclar, müsabiqələrlə bağlı elanlarda məlumat detallı şəkildə verilsə də, onun nəticəsi demək olar ki, açıqlanmır. Bu nə ilə bağlıdır?
- Hərrac vasitəsilə olduğu üçün dövlət əmlakının icarəsi prosesi şəffaf şəkildə təşkil edilir. Hərraclar onlayn rejimdə qoşulmalarla həyata keçirilir, canlı rejimdə media nümayəndələri də iştirak edə bilirlər, qalib də müəyyənləşdirilir. Sadəcə, bəzi hallarda qaliblər öz adlarının media vasitəsi ilə açıqlanmasının tərəfdarı deyil. Bunu kommersiya sirri kimi qəbul edirlər. Qalibi və hansı qiymət təklifi ilə seçildiyini elan edirik. Adlarını bildirmək istəmədikləri üçün biz də bunu nəzərə alaraq bir az tərəddüd edirik. Dövlət əmlakının icarəsi ilə bağlı müəyyən edilən qiymət və digər göstəricilər açıqlanır.
- Digər məsələ işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsidir. Bununla bağlı hazırda vəziyyət necədir?
- İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı səlahiyyət Kənd Təsərrüfatı Nazirliyinə verilib. Azad edilmiş ərazilərdə torpaqların icarəyə verilməsinə rəy verilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyindən indiyə qədər bununla bağlı 6668,26 hektar sahə ilə bağlı 19 müraciət daxil olub. Əvvəlki dövrlərdə daxil olmuş müraciətlərlə birlikdə 1484,26 hektar torpaq sahəsi üzrə 13 müraciətə razılıq verilib, 251 hektar sahə ilə bağlı 4 müraciət üzrə imtina verilib. 5258 hektar torpaq sahəsi üzrə 4 müraciətə yerquruluşu işlərinin nəticəsinə uyğun münasibət bildiriləcək.
Nazirlik əsasən əkin sahələrini qısamüddətli dövr üçün icarəyə verir. Uzunmüddətli icarə isə əsasən plantasiyalarla bağlıdır. Buna üzüm sahələrini aid edə bilərik. İşğaldan azad edilmiş ərazilərdə dövlət torpaqlarının icarəsilə bağlı tariflər hökumət tərəfindən müəyyənləşdirilib. Hazırda Zəngilan rayonu ərazisində aparılan işlər torpaqların elektron kadastrı informasiya sisteminə inteqrasiya olunub. Yəni, bir çox hallarda müvafiq qərardan öncə torpaqların keyfiyyət göstəriciləri, tərkibi, suvarılması, gübrə ehtiyacı ilə bağlı göstəriciləri müəyyən edilir. Artıq bu qərar verilməmişdən öncə kameral qaydada əraziyə çıxmadan ilkin olaraq üzümlüyün harada daha yaxşı inkişaf edə biləcəyini müəyyən edə bilirlər. O ərazinin nəqliyyat, suvarma infrastrukturu, tələb olunan xərc və bu kimi amillər hesablanandan sonra artıq müvafiq qərar verilməsi daha da asanlaşır və operativ olur. Yəni, böyük üstünlük yaradır.
- Qeyd etdiniz ki, Qarabağda torpaqların icarəyə verilməsilə bağlı 4 müraciət üzrə imtina verilib. İmtina halları nə ilə bağlıdır?
- Torpaqların icarəyə verilməsində imtina halları yalnız o hallarla bağlıdır ki, topraq həmin istifadə məqsədinə uyğun olmasın, torpaqla bağlı artıq digər təşkilatın hüquqları qeydiyyata alınsın, həmin torpaqlara qayıdacaq bizim soydaşlarımız üçün yaşayış məntəqələrinin salınması nəzərdə tutulsun, eyni zamanda müraciət edilən ərazidən müxtəlif infrastruktur layihələrinin istifadəsi də nəzərdə tutula bilər. Torpaqların kənd təsərrüfatı məqsədilə istifadəsi bu və ya digər formada əlverişli olmaya bilər. Məhz bu səbəblərdən torpaqların icarəsi ilə bağlı müraciətə imtina vermiş oluruq.
- Türkiyədə böyük dağıntılara səbəb olan zəlzələlər Azərbaycanda özbaşına tikililərlə bağlı məsələni yenidən gündəmə gətirib. Özbaşına tikililərlə bağlı zəlzələ və bu kimi digər təbii fəlakət riskləri nəzərə alınacaqmı?
- Bizim burada məqsədimiz tarazlı yanaşmanın olmasıdır. Yəni, maraqlar balansı, vətəndaşların əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması ilə yanaşı, vətəndaşların təhlükəsizliyinin, həyat və sağlamlığının qorunması, eyni zamanda dövlət qurumları, kommunal xidmətlər göstərən təşkilatların iqtisadi maraqları arasında düzgün balansı müəyyənləşdirməkdir. Məsələn, xüsusi mühafizə zolaqları, uçqun, zəlzələ təhlükəsi yüksək olan zonalar var. Onlarla bağlı kadastr bazasına həmin sahəni tənzimləyən dövlət qurumları tərəfindən müvafiq məlumatlar bizə verildiyi təqdirdə müəyyən edə bilərik ki, hansısa ərazi sürüşmə zonasıdır və bu sürüşmə zonasında ev tikmək olmaz. Çünki burada həm dövlət, həm də vətəndaş itirəcək və bu böyük faciələrə səbəb ola bilər. Ümumilikdə, təbii fəlakətlərlə bağlı təhlükələrin aradan qaldırılması mümkün olmayan xüsusi mühafizə zolaqlarında əmlak hüquqlarının tanınmasını dəstəkləmirik. Başqa sözlə, fəlakət riski olan zonalarda əmlak hüquqlarını dəstəkləmirik. (Apa)