44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən döyüş bölgəsindən kənarda yerləşən şəhər və kəndlərimizin raket atəşinə tutulması nəticəsində mülki əhaliyə, yaşayış məntəqələrinə və həmin rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəymiş ziyanla bağlı problemlər hələ də qalmaqdadır.
FED.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən döyüş bölgəsindən kənarda yerləşən şəhər və kəndlərimizin raket atəşinə tutulması nəticəsində mülki əhaliyə, yaşayış məntəqələrinə və həmin rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ciddi zərər dəymiş, onların normal fəaliyyəti pozulub. “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası Silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 dekabr tarixli Sərəncamına uyğun olaraq, dağılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq, mövcud sahədə problemlər hələ də qalmaqdadır.
Təklif edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən respublikanın bir sıra yaşayış məntəqələrinin, xüsusilə mülki əhalinin sıx məskunlaşdığı yerlərin, o cümlədən şəhər və rayon mərkəzlərinin raket atəşinə tutulması nəticəsində fərdi yaşayış evlərinə və mənzillərinə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə zəruri maliyyə vəsaitinin ayrılsın.