Türkiyədə əhalinin mənzillə təminatı, eləcə də tikinti şirkətlərinə dəstək üçün yeni ipoteka kreditləşməsi mexanizmi işə düşüb.
Eləcə də bax: Türkiyə vətəndaşlığa müraciət şərtlərində - DƏYİŞİKLİK EDİR
FED.az xəbər verir ki, yeni ipoteka krediti şərtlərini prezpdent Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Qlobal iqtisadiyyatda xammal qiymətlərinin hədsiz artması və tədarük problemlərindən qaynaqlanan problemlər səbəbindən mənzil tikintisində ləngimə və mənzil qiymətlərində böyük artımlar olduğuna diqqət çəkən Ərdoğan bildirib ki, yeni mexanizm çərçivəsində 3 paket nəzərdə tutulub. Bu paketlərdən istifadə etmək üçün həm vətəndaşlar, həm də tikinti şirkətləri bəzi tələblərə cavab verməlidir.
Birinci ipoteka paketi ilə, indiyədək evi olmayan, yəni ilk və yeganə ev sahibi olacaq vətəndaş 2 milyon lirəyə (133 min dollar və ya 227 min manat) birinci əldən, yəni tikinti şirkətindən ev ala bilər. Bu halda vətəndaşa 10 illik müddətə, illik 0,99%-lə ipoteka krediti veriləcək.
2-ci ipoteka paketinə birinci və ikinci əl evlər də daxildir. Bu daha güzəştli paketdir, yəni bu paket çərçivəsində vətəndaş evi təkcə tikinti şirkətindən deyil, başqa şəxsdən də ala bilər. Amma bir şərtlə - evin dəyərinin ən azı yarısı 2022-ci il aprelin 1-dək açılmış depozit hesablarında xarici valyuta yatırmış və ya Mərkəzi Banka fiziki olaraq satılmış qızılın hesabına ödənilməlidir. Başqa sözlə, vətəndaş xarici valyutanı lirəyə dəyişibsə, və əlindəki qızılları Mərkəzi banka satıbsa, bu paketdən istifadə edə biləcəkdir. Bu kredit də 10 illikdir, amma illik faiz dərəcəsi 0,89% təşkil edir. Bu paketin məqsədlərindən biri də xarici valyuta və qızıl aktivlərin türk lirəsinə çevrilməsini təşviq etməkdir.
3-cü ipoteka paketi daha çox tikinti şirkətlərinə dəstək üçün nəzərdə tutulub. Bunun üçün hökumət 20 milyard lirə vəsait ayırıb. Bu vəsait tikinti şirkətlərinə evriləcək ki, tikintisinin ən azı 40 faizi tamamlanıb, ən azı 50 faizi satılmayan tikinti layihələri ən qısa zamanda tamamlansın.
Amma şirkətlərlə bağlı başqa bir tələb də var – bu yardımdan o şirkətlər istifadə edə bilər ki, ev qiymətlərini 1 il ərzində öz internet saytlarında sabit saxlamış olsun. Yəni son bir ildə qiymətləri artırmasın. Belə şirkətlər 36 aylıq müddətə bu dəstəkdən faydalana bilərlər.
«Beləliklə, tikilməkdə olan layihələri sürətlə başa çatdırmağı, qısa müddətdə mənzil təklifini artırmağı və bununla da qiymətləri sabitləşdirməyi hədəfləyirik»-deyə Ərdoğan bildirib.