Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yeni rəqəmlər açıqlanıb.
Azərbaycanda evlərə "kupça" verilməsində - DƏYİŞİKLİK
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti elan edib ki, bu ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlak üzərində 328 min 61 əməliyyat aparılıb. Bu 2024-cü ilin eyni dövrünə nisbətən 10 min əməliyyat azdır.
İlk 11 ayda daşınmaz əmlakla əməliyyatların təqribən 64 mini (20 faiz) ilkin, 264 min (80 faiz) isə təkrar qeydiyyatın payına düşür. Başqa sözlə, bu il 64 min əmlak ilk dəfə sənədləşdirilərək «çıxarış» («kupça») alıb. 2024-cü ilin eyni dövrünə nisbətən yeni kupça alan əmlakların sayı 5 min ədəd artıb.
Ənənəvi olaraq ölkədə əmlaklarla bağlı ən çox alqı-satqı edilən və rəsmiləşdirilən əmlak növü torpaqlardır – ilk 11 ayda 166 min tonpaq sahəsi alınıb satılıb və ya sənədləşdirilib. Bu dövrdə mənzillərlə əməliyyatlar 85,4 min (ötən illə müqayisədə 5 min artım), fərdi yaşayış və bağ evləri üzrə əməliyyatlar isə 64,4 min (7 min artım) olub.
2025-ci ilin ilk 11 ayında qeyri-yaşayış binası üzrə 2832, qeyri-yaşayış sahəsi üzrə 8172, əmlak kompleksi üzrə 667, çoxmərtəbəli yaşayış binası üzrə 103 və çoxillik əkmələr üzərində 3 əməliyyat aparılıb. Yanayış binaları üzrə əməliyyatlar 2 dəfə artıb.
Bu dövrdə əmlakla əməliyyatların 92 mini və ya 28%-i Bakı şəhərinin, qalan hissə isə bölgələrin payına düşür.










