İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Sumqayıt Tekstil” MMC-nin təsis paylarının satışı üzrə investisiya müsabiqəsi elan edib.
Azərbaycanda 2 şirkətin səhm paketi və 3 avtomobil özəlləşdirilib - SİYAHI
FED.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, müsabiqə "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun elan olunub.
Sumqayıt şəhəri, Sülh küçəsi, 3 ünvanında yerləşən “Sumqayıt Tekstil”in nominal dəyəri 100 manat olan 101 120 payı (10 milyon 112 min manatlıq) satışa çıxarılıb. Müəssisənin 346 641 manat öhdəlikləri var.
İddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 8 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, mövcud tikili, qurğuların bərpası və yenidənqurulması, tekstil üzərində işləmələrə dair yeni texnologiyaların tətbiqi, infrastruktur təminatının təkmilləşdirilməsi ilə bağlı təkliflərini verməlidir.
Müsabiqənin qalibi cəmiyyətdəki dövlət payının alınmasına görə dövlət büdcəsinə 4 milyon manatdan az olmayan məbləğdə vəsaitin ödənilməsini təmin etməlidir. Müsabiqənin qalibi həmçinin, nəticələr təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, təklif etdiyi pul vəsaitini müqavilədə qeyd olunmuş müddətdə dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə ölkə vətəndaşları və xarici investorlar iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə https://clck.ru/34Z68N linki vasitəsilə tanış olmaq olar:
İddiaçıların ərizə və təklifləri iyulun 6-na qədər, iş günləri saat 10:00-dan 17:30-dək ƏMDX-da (Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) qəbul ediləcək. Komissiya müsabiqə təkliflərini iyulun 7-si, saat 15:00-da həmin ünvanda qiymətləndirəcək.