İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti uzun müddətdir ki, fəaliyyətini dayandırmış “Sumqayıt Tikinti Xidmət” ASC-nin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsinə yekun vurub.
FED.az nazirliyə istinadən xəbər verir ki, müsabiqə "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, ötən il dekabrın 2-də elan edilib.
Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 55A ünvanında yerləşən səhmdar cəmiyyətinin nizamnamə kapitalının 99,91%-ni təşkil edən 129 799 səhm investorlara təklif olunub. Bu il yanvarın 12-də "Evsan" MMC qalib elan edilib. Yanvarın 26-da imzalanmış alqı-satqı müqaviləsinə görə, investor dövlət büdcəsinə 1 milyon manat pul köçürməyi, müəssisənin büdcəyə olan borclarını ödəməyi, 1,51 milyon manatlıq İnvestisiya Proqramı icra etməyi, habelə digər sosial-iqtisadi öhdəlikləri yerinə yetirməyi üzərinə götürüb.
"İnvestisiya Proqramına görə, dəmir-beton zavodunun qurulması, tikintidə istifadə olunan dəmir-beton dirək, müxtəlif təyinatlı tirlər, su novları, döşəmə panelləri, fasad və hasar divarları kimi məmulatların istehsalının təşkili planlaşdırılır. Layihə çərçivəsində investor tərəfindən beton qarışdırıcı, montaj texnikasının, iri tonnajlı körpülü kran, dəzgah və avadanlıqların alınması nəzərdə tutulur. İnvestisiya Proqramının bir il ərzində icrası ilə 30-dan az olmamaqla, yeni iş yerlərinin yaradılması planlaşdırılır. Müəssisənin yenidən qurulması və fəaliyyəti tikinti məmulatlarının istehsalına şərait yaratmaqla yanaşı, bu məhsullara olan tələbatın ödənilməsinə töhfə verəcək", - deyə məlumatda qeyd olunub.