Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilən müəssisələrin sayı artırılıb.
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla Elm və Təhsil Nazirliyinin tabeliyində olan 1 və 2 nömrəli Ailə tipli kiçik qrup evləri, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı şəhəri üzrə Nizami rayonu 1 nömrəli uşaq evi, Suraxanı rayonu 2 nömrəli uşaq evi, Xətai rayonu 3 nömrəli uşaq evi, Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Gəncə şəhər məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün qarışıq tipli uşaq evi, Şəki Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Şəki şəhər qarışıq tipli uşaq evi, Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Osman Mirzəyev adına qarışıq tipli uşaq evi sosial xidmət müəssisələri ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.