2022-ci ildə 1095 dövlət əmlakı özəlləşdirilib, dövlət büdcəsinə 115,4 milyon manat vəsaitin mədaxil olunması təmin edilib.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev qurumun 2022-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu rəqəm 2021-ci illə müqayisədə 2,4 faiz və ya 2,7 milyon manat çoxdur.
"Həmçinin ötən il ərzində 3 dövlət müəssisəsi investisiya müsabiqələrinə çıxarılaraq özəlləşdirilib. Müsabiqələrin qalibi olan investorlar tərəfindən təqdim etdikləri investisiya proqramları çərçivəsində 30 milyon manat həcmində investisiya qoyuluşu, 300-dən çox iş yerinin açılması və dövlət büdcəsinə birdəfəlik qaydada 12 milyon manat vəsaitin köçürülməsi nəzərdə tutulur ",- deyə M.Eynullayev qeyd edib.