Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün əsas sayılan sənədlərin siyahısı genişləndirilib.
Sənədsiz evlərə çıxarışların verilməsində yenilik - 15 gün vaxt veriləcək
FED.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq yaşayış sahələrinin verilməsinə dair sovet dövründə qəbul edildiyi qərarlar da hüquqmüəyyənedici sənədlər siyahısına daxil edilib:
“Bundan əvvəl yalnız rayon xalq deputatları sovetlərinin icraiyyə komitələrinin qərarları hüquqi əsas sayılırdı. İndi isə həmin sovetlərin özlərinin qəbul etdiyi qərarlar da yaşayış evinin və ya mənzilin şəxsin mülkiyyətinə verilməsi üçün hüquqi əsas kimi tanınacaq”, - deyə N. Alimova bildirib.
Xatırladaq ki, ölkə başçısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edib. (Report)