02 aprel 2026-cı il tarixində saat 11:00-da xüsusi müsadirə edilmiş bir sıra daşınar və daşınmaz əmlaklar açıq hərrac yolu ilə satışa çıxarılacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki,hərrac üzrə təqdim olunan əmlaklar Bakı şəhərinin Binəqədi və Nərimanov rayonlarını əhatə edir.
Binəqədi rayonu üzrə hərraca çıxarılan əmlak Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyadov prospekti, ev 7a, mənzil 3 ünvanında yerləşən, ümumi sahəsi 61,11 kv.m olan mənzildir. Mənzilin start qiyməti 350 000 manat müəyyən edilib. Hərracda iştirak üçün tələb olunan 10 faiz beh məbləği 35 000 manatdır. Sözügedən əmlak 2-ci dəfə təkrar hərraca çıxarılır.
Nərimanov rayonu üzrə isə bir neçə minik avtomobili satışa təqdim olunur. Bunlardan biri Land Rover Range Rover markalı avtomobildir. Avtomobilin start qiyməti 56 000 manat, 10 faiz beh məbləği isə 5 600 manat təşkil edir. Bu nəqliyyat vasitəsi də 2-ci dəfə təkrar hərraca çıxarılır.
Digər əmlak BMW 740i markalı minik avtomobilidir. Onun start qiyməti 23 000 manat, 10 faiz beh məbləği isə 2 300 manatdır. Avtomobil 2-ci dəfə təkrar hərraca çıxarılıb.
Həmçinin Bentley Continental GT markalı minik avtomobili də satışa təqdim olunur. Bu avtomobil üçün start qiyməti 65 000 manat, 10 faiz beh məbləği isə 6 500 manat müəyyən edilib. Sözügedən nəqliyyat vasitəsi də 2-ci dəfə təkrar hərraca çıxarılır.
Avtomobillər Hərracların Təşkili Mərkəzi tərəfindən müəyyən edilmiş saxlanc yerində yerləşir.
Hərrac addımı ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət etməlidirlər. İştirak üçün sifariş və digər zəruri sənədlər təqdim edilməli, həmçinin əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində beh ödənilməlidir.
Sifarişlər Əmlak Xidmətləri Məkanı tərəfindən qəbul olunur. Qurumun ünvanı: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20. Müraciətlər hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul edilir.











