10 sentyabr 2025-ci il tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan banklara məxsus daşınmaz əmlaklar açıq hərraca çıxarılacaq.
"Günay Sığorta"nın baş ofisi satışa çıxarıldı - QİYMƏT
FED.az xəbər verir ki, hərraca ümumilikdə 5 bankın balansında olan 7 ədəd daşınmaz əmlak çıxarılacaq. Bu əmlakların ümumi ilkin satış dəyəri 5 milyon 700 min manat təşkil edir. Hər bir iştirakçı hərracda iştirak etmək üçün ilkin satış qiymətinin 5%-i qədər beh ödəməlidir.
Əmlaklar haqqında daha detallı:
Satışa çıxarılan əmlaklar sırasında “Atabank” ASC-yə məxsus iki obyekt var. Birinci əmlak Şamaxı şəhəri, Şəhriyar küçəsi 22 ünvanında yerləşən 0,014530 ha torpaq sahəsində inşa olunmuş, ümumi sahəsi 279,3 kv.m olan qeyri-yaşayış binasıdır. Onun ilkin satış qiyməti 490 000 manatdır, beh məbləği isə 24 500 manat təşkil edir. İkinci obyekt Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,55 ha torpaq sahəsində tikilmiş, 314,7 kv.m ümumi sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış binasıdır. Bu əmlakın ilkin satış qiyməti 430 000 manat, beh məbləği isə 21 500 manatdır.
“NBCBank” ASC-yə məxsus iki qeyri-yaşayış sahəsi də satışa çıxarılır. Hər iki obyekt Bakı şəhəri, Azadlıq prospekti 81 ünvanında yerləşir. Birinci sahə 281,2 kv.m ümumi sahəyə malikdir və ilkin satış qiyməti 2 300 000 manat olaraq müəyyənləşdirilib, beh məbləği isə 115 000 manatdır. İkinci sahə isə 263 kv.m-dir, ilkin satış qiyməti 500 000 manat, beh məbləği isə 25 000 manatdır.
“Yunayted Kredit Bank” ASC-yə məxsus obyekt Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi 5A ünvanında yerləşən 154,4 kv.m ümumi sahəyə malik qeyri-yaşayış binasıdır. Bu obyektin ilkin satış qiyməti 800 000 manat, beh məbləği isə 40 000 manatdır.
“Zaminbank” ASC-nin balansındakı daşınmaz əmlak isə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 149,4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsidir. Onun ilkin satış qiyməti 430 000 manat, beh məbləği isə 21 500 manatdır.
“Texnikabank” ASC-yə məxsus əmlak Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaxana küçəsi 7 ünvanında yerləşir. Obyektin ümumi sahəsi 247,92 kv.m-dir. İlkin satış qiyməti 750 000 manat, beh məbləği isə 37 500 manatdır.