Artıq Dünya Bankı və Beynəlxalq Valyuta Fondu koronavirus pandemiyasının son 100 ildə ən ağır iqtisadi geriləməyə sbəbə olacağını açıqlayıb. Vurusun iqtisadi təsirləri özünü turizm, nəqliyyat, logistika, istehsal, avtomobil, neft-qaz sənayesi və sair sahələrlə yanaşı, daşınmaz əmlak sektorunda da göstərib.
Eləcə də bax: Yaxşı qonşuların əhatəsində – Slovakiyada Əmlak - QİYMƏTLƏR, İMKANLAR
FED.az xəbər verir ki, ABŞ və Kanadada rieltorlar Çindən investor gözləyir, Sinqapurda satıcı və alıcıları bir-birlərini görmək istəmir, diribaş türklər isə koronavirusu yeni fürsətə çeviriblər. Beləliklə…
Koronavirusun vətəni Çin: Ev satışı 90% azalıb
«Wall Street Journal»ın Çinin Milli Statistika Bürosuna istinadən verdiyi məlumata görə, 2020-ci ilin fevral ayında Çində ev satışı 90% azalıb. Ölkənin 70 şəhərində yeni tikililərin orta qiyməti 2019-cu ilin yanvar ayından bəri 6,4% artıb. İlk baxışdan artımın qeydə alınması qəribə görünsə də, əslində bu, 2018-ci ilin iyulundan bəri qiymət artımının ən yavaş sürətidir. Bundan sonra bahalaşma daha da yavaşıyacaq, çünki koronavirusun ölkə iqtisadiyyatına təsirinin miqyası hələ tam məlum deyil.
Türkiyə: Koronavirus da bir fürsətdir
Koronavirus son vaxtlaradək sürətlə inkişaf edən Türkiyənin əmlak bazarında da «əyləci basıb». 2020-ci ilin ilk iki ayında Türkiyədə əmlak satışları 41% artmışdı, indi isə nə qədər davam edəcəyi bilinməyən durğunluq dövrü başlayıb.
Bunun əsas səbəbi səyaşət qadağasıdır, indi ölkəyə uçuş demək olar ki, tamamilə dayandırılıb. Qadağalar virusla yanaşı, Türkiyə bazarına gələn xarici alıcıların da qarşısını alır. Yaranan iqtisadi çətinlirər ipoteka kreditini ödəməkdə problem yaradıb. Nəticədə ətraf mühit və şəhərsalma nazirliyi əhalinin gəlirlərinin azaldığını əsas tutaraq kreditlə alınmış 300 min evin 3 aylıq ödənişini - üümumilikdə 744 milyon lirə - təxirə saldığını açıqlayıb.
Amma müşahidələr göstərir ki, koronavirus probleminə ən yaxşı uyğunlaşan əmlak bazarı da elə Türkiyə olub.
Əvvəla əmlakla əməliyyatlar dayanmayıb. Rəsmi məlumatlara görə, martın 18-dən bəri Türkiyədə internet üzərindən 113 min əmlakla əməliyyat aparılıb, 30 min ev isə onlayn satılıb.
Digər tərəfdən əmlak satışı agentlikləri və tikinti şirkətlərinin əksəriyyəti işçilərini ofisdən azad etsələr də, satış və tikinti işləri dayanmayıb, davam edir. Yəni indi kimsə əmlak almaq istəsə, rəsmi olaraq əməliyyatlar aparmağa heç nə mane olmur. Obyektlərə müştərilərin baxışların sayında kəskin azalma var, ancaq görüşmək və maraqlı variant tapmaq da realdır. Doğrudan da, alıcı sayının azalması səbəbindən bəzi ərazilərdə qiymətlər kəskin azalıb. Hətta ekspertlər böhranı ucuz əmlak almaq üçün əsl fürsət sayırlar. Xaricilərlə işləyən «Antalya Homes» in rəhbəri Bayram Tekçe bildirir ki, tələbin qəfil azalması səbəbindən pula ehtiyacı olan tikinti şirkətləri ciddi endirimə məcbur olublar: «Bu vəziyyət əlində pul olan investorlar üçün şansdır». Məsələn, Antalyada 170 kvadratmetrlik 3+1 dairə 18% endirimlə 850 min lirədən 700 min lirəyə endirilib. Nisbətən kiçik, 2+1 dairə isə 665 min lirəyə enib. «Artıq 3+1 dairələri 2+1 dairənin qiymətinə ala bilərsiniz» – deyə elanda bildirilir.
Əvəzində diribaş türk mütəxəssisləri yeni üsullar tapıblar. Məsələn, «RE/MAX» şirkəti elan edib ki, müştərilərin evlərə getməsinin qarşısını almaq üçün evin foto-videoçəkilişlərini dronlarla həyata keçirməyə hazırdır. Bununla da alıcı və satıcının evi tərk etməsinə ehtiyac qalmır. Əmlak satıcıları isə alıcılarla məsafədən danışmaq üçün «TeleProperty» tətbiqindən istifadə edirlər. Onun vasitəsilə ölkəyə gəlmədən daşınmaz əmlaka baxıb, seçim etmək olar. Yeri gəlmişkən, Türkiyədə koronavirus ifadəsindən ev elanlarına diqqəti çəkmək üçün istifadə etməyə başlayıblar. Bəzi satıcılar «Korona virusdan qaçmaq üçün təbiət içində ev» kimi çəkici başlıqlar yazırlar. Maraqlı yenilik odur ki, virusun təsiri ilə şəhərdən kənar əmlaklara tələbat kəskin artıb.
ABŞ: Kirayə bazarında «zəncir qırıla» bilər
ABŞ-da son aylar Google-da ən çox axtarılan sözlər «kirayə haqqını ödəyə bilmirəm» və «işsizlik müavinətləri»dir. Əmlak bazarı üçün bundan pis ifadə ola bilməz. ABŞ-da mənzillərin bahalığını nəzərə alanda, əmlak sahiblərinin icarəçilərə daha yumşaq şərtlər təklif etmək imkanı böyük deyil, çünki onlar da ipoteka kreditini ödəməlidirlər. «Nəticədə mənzil kirayə bazarında zəncir qırıla bilər» deyə yerli mətbuat yazır. «Google»dan yuxarıda göstərilən ifadələr özünü doğrultsa və icarəçilər kirayə haqqını ödəyə bilməsələr, investorlar böyük problemlərlə üzləşəcəklər.
İtaliya: «Satış yoxdur, amma boş oturmamışıq»
Koronavirusun tüğyan etdiyi İtaliyada əmlak satışı barədə söhbətlər indi sadəcə yersiz səslənir. Ölkə bankları xüsusilə virusun yayıldığı şimal bölgələrinin sakinləri üçün ipoteka müraciətlərini dayandırıblar.
Koronavirusun mənzil qiymətlərinə necə təsir edəcəyi «Google»da ən populyar axtarışlardan biridir. Analitiklər şübhə etmir ki, pandemiya daşınmaz əmlak bazarında qiymətləri azaldacaq. Bununla belə, əmlak sahibləri də bu ucuzlaşmanı nəzərə alıb mənzilləri satmağa tələsmir, virusun dayanmasını və iqtisadiyyatın bərpasını gözləyirlər.
İtaliya əmlakçıları isə baş verənlərə baxmayaraq hələ də ümidlərini kəsməyiblər: «Təkliflər hələ də gəlir, insanlar obyektlərə baxır, maraqlanır. Əlbəttə ki, bütün görüşlər ləğv edilib. Ancaq boş oturmamışıq, obyektləri seçir, sənədləri öyrənir, reklam üçün yeni kanallar axtarırıq. Evdən işləsək də həmkarlar ilə «Skype», «Facebook» üzərindən danışırıq»-deyə əmlakçılar bildirir.
«Mart və aprel aylarını itirdiyimiz artıq bəllidir - bunlar ümumiyyətlə, daha çox diqqət edilən vacib aylardır. Ancaq bu əbədi davam edə bilməz. İtaliyanın markası, populyarlığı - bütün bunlar qalacaq, yalnız gözləmək lazımdır, bunlar normal sivil tədbirlərdir».
İspaniya: Rieltorlar fors-majora arxayındırlar
İspaniyada da vəziyyət qeyri-müəyyəndir. Dövlət qurumlarının əksəriyyəti işləmədiyinə görə əmlakla əməliyyatlar yarımçıq qalıb.
Mövcud müqavilələrdə fors-major vəziyyətilə bağlı maddə olduğu üçün rieltorlarda daxili arxayınlıq var: müştərini itirməyəcəklər. İspaniyada bir üstünlük var ki, daxili karantin ləğv olunsa, hətta uçuşlar olmasa belə alqı-satqı problemi etibarnamənin köməyi ilə həll edilə bilər. Bu etibarnamə həm İspaniyada, həm də alıcının vətənindəki səfirlikdə verilə bilər.
Rusiya: Koronavirus + ucuz neft = gərginlik
Rusiyanın daşınmaz əmlak bazarı iki problemlə üzləşib – koronavirus və neftin ucuzlaşması. Nəticədə indi ölkənin əmlak bazarında əsəbi vəziyyət hökm sürür. Koronavirus əmlak alqı-satqısına olduqca mənfi təsir göstərir. Əksər insanlar pul və rəsmiləşdirmə məsələsində təlaş keçirməyə başlayıblar. Qiymətlər də sürətlə dəyişir, əmlak sahibləri təcili satmaq üçün ya elanları silir, ya da 200-300 min rubl endirimlər edirlər. Ancaq qiymətlərin azaldığı müşahidə də edilmir. Mütəxəsislər ipoteka bazarındakı qeyri-sabitliyi təkcə koronavirusla deyil, rublun dəyərdən düşməsi ilə də əlaqələndirirlər. Gözlənilir ki, rublun kəskin dəyərdən düşməsi ilə gələcəkdə əhalinin bir hissəsi ipoteka krediti ala bilməyəcək və nəticədə əmlak ucuzlaşacaq.
Sinqapur: Alıcı var, amma evə baxmağa çəkinir
2020-nin 1-ci rübündə Sinqapurdakı kondominiumların və mənzillərin satış həcmi koronavirus səbəbindən 25-35% azalıb. «The Straits Times» xəbər verir ki, burada potensial mənzil alıcıları koronavirusa yoluxma qorxusundan mənzillərə baxmaqdan, rieltorlar və əmlak sahibləri ilə, əmlak satıcıları da alıcılarla görüşdən çəkinirlər.
Britaniya: «Daha uyğun vaxt» gözləyir
Britaniya hələ də koronavirusun təsirini hiss etməyib. «Financial Times» yazır ki, martın 7-dək burada evlərin orta qiymətləri son 4 ilin rekord həddinə çatıb, yeni satışlar isə 18 faiz yüksəlib. Koronavirusdan sonra vəziyyət dəyişib. Bəzi əmlak sahibləri müştərilərə mənzilə gəlməyə icazə vermir və onlayn video üsuluna keçib. ABŞ-da olduğu kimi, Britaniyada da mənzillərin ucuzlaşacağı gözlənilmir. «Vəziyyət düzəlməyincə satmaqdan imtina edəcəklər, Britaniyanın əmlak bazarı daha çox bu ovqata köklənib».
Bolqarıstan: Alıcı-satıcı var, notarius yoxdur
Koronavirus məhdudiyyətləri Bolqarıstanda heç bir çaxnaşma yaratmayıb, yəni qiymətlər enməyib. Amma əmlakla əməliyyatlarda texniki problem yaranıb. Daşınmaz əmlakı almaq icarəyə verməkdən daha ciddi məsələdir və orada proses daha ləng gedir. Əsas problemlərdən biri obyektə baxmaqla bağlıdır - karantin olduğuna görə onları həyata keçirmək mümkün deyil. Doğrudur, tərəflər razılaşsa, bunu həll etmək olar. Amma burada da notarius problemi var. Karantinə görə, ölkədəki notariusların bir hissəsi işləmir, işləyənlərə də ilk növbədə təcili əməliyyatları aparmaq tapşırılıb, mənzilin satışı isə çətin ki, təcili əməliyyat sayılsın.
Satışlar harada dayandırilib?
Başqa sözlə, indi dünyanın bir çox ölkəsində əmlak satışı çətin məsələyə çevrilib. Ancaq - vəziyyət bölgədən asılı olaraq xeyli dəyişir. Qərbi Avropanın aparıcı ölkələrində sövdələşmə aparmaq mümkün deyil - karantin və məhdudlaşdırıcı tədbirlər həyatı iflic edib. Almaniyada və İsveçrədə qeydiyyat üçün təqdim olunan bütün sənədlər "dondurulmuş" vəziyyətdədir. Amma Avropada karantin rejimi sürdüyü müddətdə qiymətlər də dəyişməyəcək. Şərqdə isə bu problem deyil, necə deyərlər, alıcı olsa, əmlakı satmaq asandır.
Sərhədlər bağlanıb, xarici alıcı gəlmir
Sərhədlərin kütləvi şəkildə bağlanması, hava səyahətlərinin ləğvi, karantin tətbiq edilməsi bir çox ölkələrdə obyektlərə baxışlarının kəskin azalmasına səbəb oldu. Burada ən çox zərər görən, turistlərin daha çox üz tutduğu ölkələrdir. Türkiyə, Tailand və Birləşmiş Ərəb Əmirlikləri (Dubay) sərhədləri ən uzun müddət açıq saxlayan ölkələr oldular. Lakin Birləşmiş Ərəb Əmirlikləri martın 24-dən etibarən sərnişin reyslərini iki həftə müddətinə tamamilə dayandırmaq qərarına gəldi. Türkiyə Ukrayna və Qazaxıstan da daxil olmaqla 46 ölkədən səyahətləri məhdudlaşdırdı. Bangkokda isə ticarət mərkəzləri və restoranlar üç həftə müddətinə bağlanıb, ziyarətçilərdən isə infeksiya olmaması haqqında sertifikat tələb olunur.
Əmlak alışına görə yaşayış izni də dayanıb
Daşınmaz əmlakın alınmasına görə yaşayış izni təklif edən dövlətlər də problemlə üzləşiblər. Bəzi ölkələrdə rəsmi qurumlar məsafədən işə keçiblər. Vətəndaşlıq və ya yaşayış icazəsi almaq üçün rəsmi qurumların işi çox vacibdir. Əksər ölkələrdə bütün müraciətlərə daha uzun müddətdə baxılacaq - məsələn, Kiprdə müraciətlərə baxan miqrasiya idarələri onlayn işləyir. Hərçənd, bu səbəbdən sənədləri yeniləmək mümkün olmasa, ölkədə qalma icazəsi heç bir cəza olmadan yenilənir. Bu qayda Avropanın bir sıra ölkələrində tətbiq edilib.