İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2022-ci ilin yanvar-iyun ayları ərzində də dövlət əmlakının özəlləşdirilməsi və icarəsi sahəsində işlərini davam etdirib.
Eləcə də bax: Bir neçə dövlət müəssisəsi - ÖZƏLLƏŞDİRİLİR
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, cari ilin ilk 6 ayı ərzində 38 hərrac keçirilib. Hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 319 nəqliyyat vasitəsi özəlləşdirilib.
2022-ci ilin I yarımilliyində investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 7,5 milyon manata yaxın vəsait qoyuluşu həyata keçirilib və 1 müəssisənin (“Sumqayıt Tikinti Xidmət” ASC) dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi reallaşıb.
Bu ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 25,8 milyon manatdan çox təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti cari ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Belə ki, cari ilin ilk 6 ayı ərzində ümumilikdə 2 112 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 465-i qeyri-yaşayış sahələri üzrə, 1 647-si isə torpaq sahələrinə dair olub. 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 dəfə çoxdur.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin ilk 6 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 12,3 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, bu ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 38,1 milyon manat vəsait büdcəyə daxil olub.