Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 2023-cü ilin dövlət büdcəsi layihəsində 20,0 mln. manat məbləğində nəzərdə tutulub ki, bu da 2021-ci ilin icrası ilə müqayisədə 3,8 mln manat və ya 23,5%, 2022-ci ilin proqnoz göstəricisindən isə 4,0 mln. manat və ya 25,0% çoxdur.
Eləcə də bax: Gələn ilin dövlət büdcəsi üçün – 6 ƏSAS RİSK - HESABLAMA PALATASI AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2023-cü il dövlət büdcəsi haqqında” qanuna verdiyi rəydə bildirilib.
Məlumata görə, bu mənbədən daxilolmalar üzrə cari ilin 8 aylıq proqnoz göstəricisinin artıqlaması ilə icrası əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən icarə haqqı məbləğlərinin 8,6 mln. manat proqnoza qarşı 14,7 mln. manat, yəni 6,1 mln. manat və ya 70,9% çox toplanması ilə əlaqədar olub.
Palata bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olan məlumatlara əsasən 01.07.2022-ci il tarixinə Xidmətin sərəncamında ümumi sahəsi 4432,3 min m2 olan 10130 ədəd qeyri-yaşayış təyinatlı bina və bina hissələri mövcud olub. Bundan yalnız ümumi sahəsi 301,4 min m2 olan 2199-u icarəyə verilib, icarə haqları isə müvafiq olaraq həmin sahələr üzrə hesablanıb. Başqa sözlə, Dövlət Xidmətinin sərəncamında olan əmlakların cəmi 16,8%-i icarəyə verilib.
Qeyd edək ki, Hesablama Palatası tərəfindən keçirilmiş auditləri də bu sahədə əlavə potensialın olması qənaətinə gəlməyə əsas verir. (Apa)