Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Goranboy şəhərinin Baş plan layihəsini və 2039-cu ilədək olan dövr üçün inkişaf planını təsdqləymib.
FED.az xəbər verir ki, sənəd komitənin sifarişi və ödənişi ilə «Integris» MMC tərəfindən hazırlanıb.
Şəhərin Baş planı layihələndirilərkən şəhər sakinlərinin iş yerləri, rekreasiya əraziləri və yaşayış sahələrinə tələbatının təmin edilməsi prioritet götürülüb.
Plana və proqnozlara görə, qarşıdakı 17 il ərzində Goranboyun əhalisi təqribən 20% artaraq 2019-cu ildəki 10,5 min nəfərdən 2039-cu ildə 12,6 min nəfər yüksələcək. Əhalinin artımına uyğun olaraq yaşayış fondunun (evlərin və mənzillərin ümumi sahəsinin – FED.az) 305,4 min m2-dən 478,8 min m2-dək artırılması gözlənilir.
Şəhərin inkişafına uyğun olaraq Goranboyun mərkəzindəki küçə və yolların uzunluğunun hazırki 116,65 km-dən 2039-cu ildə 158,57 km-dək artırılması, ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.
Şəhərin inkişafı prosesində sahibkarlar üçün də yeni imknalar yaranmalıdır. Hər halda Baş plan layihəsində qeyd edilir ki, əhalisinin məşğulluq imkanlarının artırılması üçün ümumşəhər əhəmiyyətli magistral küçələri boyunca ümumi sahəsi 77,2 ha olan ictimai-işgüzar zonaların yaradılması planlaşdırılır.
Şəhərsalma və Arxitektura Komitəsi elan edir ki, hazırda Goranboyda əhalinin səhiyyə və təhsil müəssisələri ilə təminat səviyyəsi qənaətbəxşdir. Baş plan layihəsində qarşıdakı dövrdə əhalinin artımı nəzərə alınmaqla yeni sosial yönümlü obyektlərin yerləşdiriləcəyi ərazilər də müəyyən olunub.
Goranboy şəhərinin Baş plan layihəsi ilə rekreasiya ərazilərinin sahəsinin 67,3 ha-dan 203,3 ha-dək qədər artırılması təklif edilir. Bu ərazilər əsasən şəhərin şimal-qərb sərhədindən keçən Gorançayın sahili boyunca olan sahələrdir.
Baş plan layihəsi ilə ərazi üzrə külək rejimi nəzərə alınmaqla sənaye zonasının şəhərin şərq hissəsində, M-2 respublika əhəmiyyətli avtomobil yoluna çıxışı olan ərazidə layihələndirilib. Bu zonada əsasən yüngül sənaye müəssisələrinin yerləşdirilməsi nəzərdə tutulur.
Goranboy şəhərinin Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.11.2022-ci il tarixli müvafiq qərarı ilə təsdiq edilib.