Azərbaycan Sənaye Korporasiyası “Abidə” MTK-nın yaşayış binasının tikintisi üzrə işləri davam etdirir.
Eləcə də bax: Nazirlik Dövlət Komitəsinin tikdirdiyi mənzilləri satışa çıxaracaq - SİYAHI
Qurumdan FED.az-a verilən məlumata görə, “Abidə” MTK-nın yaşayış binasının tikintisi üzrə işlər bütün istiqamətlər üzrə həftənin şənbə günləri də daxil olmaqla keçən iki həftə ərzində fasiləsiz olaraq davam etdirilib.
Qeyd edək ki, sözügedən bina metronin «İçərişəhər» stansiyası və Axundov bağı yaxınlığında yerləşir. Süleyman Tağızadə küçəsi tərəfdən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş-çıxışın təmin olunması məqsədilə qurulacaq dəmir-beton pilləkənin ətrafının monolit dəmir-beton istinad divarının lentvari özülü armaturlanaraq betonlanmışdır.
Nasosxananın monolit dəmir-beton sütunları, rigelləri, tirləri, örtük tavası B25 marka betonla betonlanmışdır. İnşa olunmuş iki ədəd su anbarında hidroizoliyasiya işlərinə başlanılmışdır. Artıq sayca birinci anbarda işlər başa çatdırılmış, ikinci anbarda bu işlər davam etdirilir.
Qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində fasadın Lev Tolstoy küçəsinə baxan hissəsində əvvəllər tikinti qaydaları pozulmaqla üzlənmiş, sonradan qoparaq tokülmüş “ağlay” daşlarının bərpasına başlanılmışdır.
Pandusun -5.25 səviyyəsində texniki və generator otaqlarının damında 0.4x1.0(h) m olçüdə parapet divarı qurularaq üstü və küncləri binanın ümumi memarlığına həmahəng şəkildə müxtəlif elementlərdən ibarət olan “ağlay” daşı ilə üzlənmişdir.
Binanın -2 mərtəbəsində yerləşən texniki otağın xarici kanalizasiya xətti üçün daxili diametri 900mm olan dəmir-beton halqalardan 1 ədəd quyu quraşdırılmış, diametri 100 mm olan plastik borularla texniki otaqdan quyuya xətt çəkilmişdir. Quyunun yan səthləri və oturacağı bitum məhlulu ilə hiroizoliyasiya edilmişdir. Yenə də texniki və generator otaqlarında pəncərə boşluqlarına 5 ədəd PVC xəfənglər quraşdırılmış, divarlar kafel, döşəmələr isə keramoqranit tavacıqlarla üzlənmişdir.
Zərgərpalan küçəsi tərəfdən binanın -4.95 səviyyəsinə qalxıb-enmək üçün nəzərdə tutulan 2 ədəd vintvari pilləkəndən sayca ikincisinin də quraşdırılması başa çatdırılmışdır.
Murtuza Muxtarov küçəsi səmtində əvvəllər bəsit şəkildə çəkilərək istiqaməti qeyri-müəyyən olmuş drenaj xəttinin müəyyənləşdirilərək yenidən qurulması üzrə S.Tağızadə küçəsi ilə kəsişmə ərazisində yeni quyuların quraşdırılması işləri davam etdirilir. Bu istiqamətdə əvvəllər çəkilmiş drenaj xətti binanın özülünə yaxın hissədə kəsilərək yeni quyuya birləşdirilmişdir.
Yaşayış, qeyri-yaşayış və qaraj mərtəbələrinin havalandırılmasının təmin olunması məqsədilə əvvəllər quraşdırılmış 3 ədəd 4 kVt-luq və 3 ədəd 5.5 kVt-luq mərkəzdənqaçma ventilyatorları normativ tələbləri ödəmədiyindən sökülərək, müvafiq olaraq böyük güclü 7.5 kVt və 11 kVt-luq ventilyatorlarla əvəz olunması üçün mübadilə ediləcəkdir.
Binanın damında hər 3 blokun havalandırma şaxtalarının yan divarları 10 sm qalınlığında hörülərək sement-qum məhlulu və fasad matası ilə suvanmış, üzəri isə dəmir-beton qatla örtülərək bitum məhlulu ilə hidroizolyasiya olunmuşdur.
1-ci blokda eyvanlarda “ağlay” daşından məhəccərlərin quraşdırılması işləri yekunlaşmaq üzrədir. Artıq 2-10-cu mərtəbələrdə işlər tamamlanmışdır.
Elektrik işləri çərçivəsində qaraj mərtəbəsində işıqlandırma elektrik naqilləri PVC borulara keçirilərək metal kabel tavalarına bərkidilmişdir. Həmçinin, hər 3 blok və nasosxananın elektrik təchizatını təmin etmək məqsədilə 3x50+1x25 mm² en kəsikli kabellər müvafiq elektrik şit otaqlarına paylanmışdır.
Binanın 2-ci blokunda 11 yaşayış mərtəbəsində pilləkən qəfəsəsi daxili emulsiya ilə ikiqat boyanmışdır. Hal-hazırda 3-cü blokda boya hazırlıq işləri davam etdirilir.
Yaşayış mərtəbələrinin mənzillərində yeni PVC qapı-pəncərələrin quraşdırılmasına, müxtəlif səbəblərdən sınmış şüşələrin, zədələnmiş qapı və pəncərələrin bərpasına başlanılmışdır.
Bütün bunlardan əlavə hər zaman olduğu kimi səliqə-səhman işləri aparılmış, 72 m³ inşaat zibili toplanaraq yük maşınları ilə daşınmışdır.