2022-ci ildə Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə dövlət əmlakının özəlləşdirilməsi nəticəsində dövlət büdcəsinə 115,4 milyon manatdan çox vəsait daxil olub.
FED.az xəbər verir ki, bu barədə bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi İlqar Həbiyev deyib.
Onun sözlərinə görə, bu göstərici 2021-ci illə müqayisədə 1,2 faiz artıb.
"Bundan başqa, 304 xırda obyekt, 513 nəqliyyat vasitəsi, 262 hektar torpaq özəlləşdirilib. Ötən il torpaq icarəsi ilə bağlı mindən artıq yeni müqavilə, qeyri-yaşayış binalarının icarəsi üzrə isə 858 müqavilə bağlanıb. Dövlətin qeyri-yaşayış binalarının icarəsindən gəliri 3756 milyon manat, torpaq sahələrinin icarəsindən gəliri isə 21,1 milyon manat təşkil edib", - o deyib.
Həmçinin, ötən il Dövlət Xidmətinə kənd təsərrüfatı fəaliyyəti üçün yararlı torpaqların icarəsi ilə bağlı 840-dan çox müraciət daxil olub.
"480 müraciət üzrə razılaşma əldə olunub və 36,2 min hektardan yuxarı torpaq icarəyə verilib, 394 müraciət üzrə isə danışıqlar aparılır", - o qeyd edib.