Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda dövlət əmlakının icarəsi üzrə 1 531 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 631-i qeyri-yaşayış sahələri üzrə, 900-ü isə torpaq sahələrinə dair olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, hesabat dövrü ərzində 461 icarə müqaviləsinin müddəti uzadılıb, 146 icarə müqaviləsi ləğv edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr ayları ərzində 1 177 və ya 3,3 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-noyabr ayları ərzində dövlət büdcəsinə ümumilikdə 14,4 mln. manatdan artıq məbləğində vəsaitin ödənilməsi təmin olunub və bununla 11 aylıq proqnoz 142% yerinə yetirilib.
Qeyd edək ki, müasir çağırışlara əsasən, dövlət əmlakının icarəyə verilməsi mexanizminin, həmçinin dövlət əmlakından istifadəyə görə icarə haqlarının müəyyən edilməsi sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlanaraq hökumətə təqdim edilib.