Siciliyanın mərkəzində yerləşən italyan şəhəri Sambuka bir müddətdir ki, əksər qlobal media mənbələrinin diqqətini cəlb edib. Səbəb burdakı evlərin 2 avrodan satışa çıxarılmasıdır.
Eləcə də bax: Dünyanın ən iri superyaxtasında evə sahib olmaq - QİYMƏT
FED.az xəbər verir ki, İtaliya hökuməti bununla az qala “ölü şəhər”ə çevrilmiş bu regiona əhali və turistlər cəlb etmək və onu yenidən canlandırmaq niyyətindədir. Bu baxımdan Sambukadan başqa Kampaniya əyalətindəki Zunqoli və Siciliyadakı digər şəhər - Mussomeli də eyni vəziyyətdədir.
1968-ci ildə Siciliyadakı Beliçe vadisində baş verən faciəvi zəlzələ bölgəyə çox ciddi ziyan vurub. Bundan sonra insanlar bir sıra kiçik şəhərləri tərk edərək, başqa yerlərə köçüblər. Bir çox evlər dağılsa da, hələ 1920-ci illərdə tikilmiş və yaxşı vəziyyətdə olan evlər də çoxdur. Hökumətin hələ 2019-cu ildə start verdiyi proqramda evlərin ilk partiyası 1 avrodan auksiona çıxarılıb. Həmin vaxt 16 ev 1 avrodan 10 min avroya, bəziləri isə 5 avrodan 25 min avroya qədər qiymətə satılıb.
İyulun 15-də elan edilən yeni raundda 50-80, bəziləri 120 kv. metrə qədər evlər 2 avrodan başlayaraq, təklif olunacaq. Hərracda iştirak etmək üçün son qeydiyyat tarixi noyabrın 5-idir. Daha sonra keçiriləcək açıq auksionda 5 min avro həcmində girov qoymaq tələb olunur. Həmin məbləğ auksionda uduzanlara geri qaytarılır, qalib gələnlər üçün isə evlərin qiymətini ödəmək üçün depozit rolunu oynayır. (Marja)