Bu ilin yanvar-mart ayları ərzində 19 hərrac keçirilib. Hərraclarda 10 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 174 nəqliyyat vasitəsi özəlləşdirilib.
Eləcə də bax: Azərbaycanın 9 kiçik dövlət müəssisə və obyekti satışa çıxarılır – SİYAHI
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, bu ilin üç ayında hərraca çıxarılan dövlət əmlakı üzrə 122 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 42 onlayn qoşulma reallaşıb. Cari ilin ilk rübü ərzində hərrac vasitəsilə 6 faydalı qazıntı yatağı istismara verilib.
Bu dövrdə özəlləşdirilən müəssisələrə ümumilikdə 7,5 mln. manata yaxın investisiya qoyuluşu həyata keçirilib və 1 müəssisənin (“Sumqayıt Tikinti Xidmət” ASC) dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi keçirilib.
2022-ci ilin ilk rübü ərzində özəlləşmədən dövlət büdcəsinə daxilolmalar 8,8 mln. manata yaxın olub.
Əmlak Məsələləri Dövlət Xidməti 2022-ci ilin yanvar-mart ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində bağlanılan icarə müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, cari ilin ilk rübü ərzində ümumilikdə 653 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 226-sı qeyri-yaşayış sahələri üzrə, 427-si isə torpaq sahələrinə aiddir. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 424 və ya 2,8 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin ilk rübü ərzində dövlət büdcəsinə 6,4 mln. manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2022-ci ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən dövlət büdcəsinə ümumilikdə 15,2 mln. manata yaxın vəsait ödənilib. (Apa)