Azərbaycanın ən bahalı özəl məktəblərindən biri sayılan Bakı Oksford Məktəbi (Baku Oxford School) müsadirə edilib, binası isə satışa çıxarılıb.
FED.az xəbər verir ki, «Baku Oxford School»un məşhur İngiltərə liseyləri dizaynında inşa edilmiş binası Səbail rayonunda Badamdar qəsəbəsinldə yerləşir. Bina Əmlak Məsələlələri Dövlət Xidmətinin hərraclar mərkəzinin vasitəsilə satışa çıxarılıb.
İyulun 29-da bina artıq bir dəfə satışa çıxarılıb, amma onu alan olmayıb. İndi bina təkrar hərraca çıxarılıb. Binanın ilkin satış qiyməti 24,7 milyon manatdır.
Qeyd edək ki, «Baku Oxford School» 1998-ci ildə yaradılıb, amma onunla bağlı ətraflı detallar və sahibləri 2020-ci illərin əvvəlində, «Baku Steel Company»nin keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun məhkəməsində ortaya çıxdı. Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. 185 milyon manatlıq yeyintidə təqsirli bilinən R.Məmmədov 14 il müddətə azadlıqdan məhrum edilib.
Məhkəmədə məlum olub ki, «Bakı Oksford Məktəbi» Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsusdur. R.Məmmədovun məhkəməsinin gedişində artıq məktəbə həbs qoyulmuşdu. İndi isə o müsadirə edilib və artıq binası satışa çıxarılıb.
Bina Səbail rayonu Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında təqribən 69 sot torpaq sahəsində yerləşir. Tikilinin ümumi sahəsi 19 min kvadratmetrə yaxındır. Burada təhsil üçün yüksək səviyyəli şərait yaradılıb.
Hərrac şərtlərinə görə, məktəbin binası 24 milyon 703 min manata satışa çıxarılıb. Hərracda iştirak etmək istəyənlər bu məbləğin 10%-i qədər, yəni 2,4 milyon manat beh saxlamalıdırlar.