Azərbaycanın tanınmış istehsalçı şikətlərindən olan "Aqro invest və istehsalat" MMC vergi borcunu ödəyə bilmədiyinə görə, əmlakını itirmək təhlükəsi ilə üzləşib.
Vergidən yayınanların əmlakları - HƏRRACA ÇIXARILDI - QİYMƏTLƏR
FED.az xəbər verir ki, şirkətin 1,33 milyon manat vergi borcu formalaşıb və borc ödənilmədiyinə görə, əmlakı satışa çıxarılıb.
Qeyd edək ki, "Aqro invest və istehsalat" MMC ölkə biznesində tanınmış simadır. 2017-ci ildən fəaliyyət göstərən «Aqro İnvest və İstehsalat» MMC qısa müddət ərzində həm daxili bazarda, həm də xarici bazarda yer tutub. Şirkət karton listlər, karton qutular, borular, künclüklər və yumurta kasetləri istehsal edir və onun tərəfdaşları arasında tanınmış şirkətlər var.
Yeri gəlmişkən, «Aqro İnvest və İstehsalat» MMC-in tərəfdaşları kimi açıqlanan (böyük ehtimalla bir neçə il əvvəlki siyahıdır – FED.az) siyahıda hazırda fəaliyyətini dayandırmış şirkətlər də var.
Hazırda isə şirkətin böyük vergi borcu var və əmlakı satışa çıxarılıb. Maraqldıdır ki, satışa çıxarılan əmlak «Aqro İnvest və İstehsalat» MMC-nin əsas fondlarına aiddir və birbaşa fəaliyyətində istifadə olunan avadanlıqdır.
Bura Türkiyə istehsalı olan Karton istehsal edən avadanlıq aiddir.Bu avadanlıq hərraca 600 min manat ilkin qiymətlə çıxarılıb. Hərraca qatılmaq üçün 60 min manat beh saxlamaq lazımdır.
Avadanlıq şirkətin ünvanında - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsi 1286-cı məhəllədə yerləşir. Vergi Xidmətinin məlumatına görə, hazırda «Aqro İnvest və İstehsalat» MMC-nin 1 milyon 336 min manat vergi borcu var. Şirkətin nizamnamə kapitalı 2 milyon manat, qanuni təmsilçisi isə Nemət Tahirov Tahir oğludur.
Şirkətdən vergi borcu və avadanlığın hərracda satışı məsələsini şərh etmək istəməyiblər.