İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mayın 4-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.
Bu barədə FED.az-a nazirlikdən bildirilib.
Eləcə də bax: Azərbaycanın 9 kiçik dövlət müəssisə və obyekti satışa çıxarılır – SİYAHI
Hərraca ümumilikdə 45 dövlət əmlakı çıxarılacaq. Bunlardan 7-si emal, sənaye, quşçuluq, təmir və s. sahələrə aid səhmdar cəmiyyətləri, 38-i isə nəqliyyat vasitəsidir.
Səhmdar cəmiyyətilərinə “Bakavtoservis”, “Biləsuvar Broyler”, “Zaqatala Fındıq“ və digərləri aiddir. Onların nizamnamə kapitalı 138 698 manatdan 1 299 800 manata qədər dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan müəssisə “Bakavtoservis” ASC-0-dir. Adı çəkilən müəssisənin səhminin 30,03 %-i 195 178 manata təklif olunur.
Hərraca çıxarılan nəqliyyat vasitələri arasında isə Rusiya və Avropa istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1970 - 2011-ci illər arasında dəyişir.
Tam siyahı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3mmNVpB ).
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.