Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 219 968 daşınmaz əmlak dövlət qeydiyyatına alınıb.
FED.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.
Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 48 607-si ilk dəfə, 171 361-i isə təkrar qeydiyyata alınıb.
Cari ilin yanvar-sentyabr ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 35 260-ı fərdi yaşayış və bağ evi, 66 763-ü mənzil, 108 753-ü torpaq sahəsi, 2 560-ı qeyri-yaşayış binası, 6 040-ı qeyri-yaşayış sahəsi, 557-si əmlak kompleksi, 35-i isə çoxmərtəbəli yaşayış binasıdır.
2021-ci ilin 9 ayı ərzində 11 844 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 16,5% artıb. Anoloji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, 2020-ci ilin 9 ayı ilə müqayisədə bu ilin yanvar-sentyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 22,2% artaraq 11 632, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 40,6% artaraq 2 929 olub.
Fərdi yaşayış və bağ evlərinin, mənzillərin, qeyri-yaşayış sahəsinin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-sentyabr ayları ərzində təkrar qeydiyyat fərdi yaşayış və bağ evləri üzrə 39,2% artaraq 23 416, mənzillər üzrə 47,5% artaraq 44 919, torpaq sahələri üzrə 24,3% artaraq 97 121, qeyri-yaşayış sahəsi üzrə 51,2% artımla 3 111 təşkil edib.
Ümumilikdə isə, ötən ilin 9 ayı ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə daşınmaz əmlakın təkrar qeydiyyatı 32,3% artaraq 129 487-dən 171 361-ə yüksəlib.
Cari ilin yanvar-sentyabr ayları ərzində 173 276 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1% artım deməkdir. Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair 295 481 arayış (Forma-1) verilib. 2020-ci ilin 9 ayı ilə müqayisədə bu növ arayışların sayı 50,1% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 9 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 52,4% artaraq 36 798 olub.
Qeyd edək ki, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması alqı-satqı, bağışlama, vərəsəlik, sığorta, ipoteka kimi iqtisadi və hüquqi əməliyyatların aparılması üçün zəruridir. Mülkiyyət hüququnun dövlət qeydiyyatı vətəndaşın ona məxsus daşınmaz əmlakından daha etibarlı və leqal formada istifadəsinin təminatıdır.