İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi üçün təkliflər hazırlayır.
Azərbaycanda indiyə qədər 50 mindən çox dövlət əmlakı özəlləşdirilib
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun rəisi Mətin Eynullayev bildirib.
"Prezident İlham Əliyevin ötən il avqustun 31-də imzaladığı sərəncam dövlət müəssiələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirləri əhatə edir. Həmin sərəncamla 8 dövlət müəssisənin siyahısı təsdiq edilib. Onların arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) üç iri müəssisəsi var. Bunlar “Azərkimya” İstehsalat Birliyinin Etilen-polietilen Zavodu, Karbamid Zavodu və Metanol Zavodudur. Həmçinin siyahıda "Azərbaycan Beynəlxalq Bankı" ASC, “AzerGold” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Rəqəmsal İnkişaf Nazirliyinə məxsus "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC-lər də yer alıb.
Burada klassik mənada özəlləşmədən deyil, özəl investisiyaların cəlb edilməsi yolu ilə dövlət payının azaldılmasından söhbət gedir, aktivlərin özəlləşdirilməsi ilə yanaşı əlavə səhm emissiyası da nəzərdə tutulur. Belə olan halda dövlət öz əmlakını satmır, sadəcə investisiya yolu ilə müəssisələrin nizamnanə kapitalını artırır və bu yolla onları özəl sektora açıq edir. Nəticədə həm yerli, həm də xarici investorlar həmin dövlət şirkətlərinin paylarını əldə edəcəklər və həmin müəssisələrdə özəl investorların payı daha da artacaq. Artıq bu istiqamətdə işlər aparılır. Həmin müəssisələrin restrukturizasiyası, özıl sektora açılan fəaliyyətləri ilə bağlı təhlillər aparılır. Ümid edirəm k, fərmanda müəyyən edilən 9 aylıq müddət çərçicəsində bununla bağlı təklfilər hazırlanıb Prezident Administrasiyasına təqdim ediləcək”, - deyə o qeyd edib. (Report)