Azərbaycanlıların Türkiyədən mənzil alışı ilə bağlı son illərin statistikası maraqlı dəyişikliklər göstərir.
Azərbaycanlılar bir ildə Türkiyədə 800-dən çox mənzil alıb - DETALLAR
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədən 65 mənzil alıblar. 2024-cü ilin eyni dövründə bu rəqəm 52-yə düşüb, 2025-ci ilin yanvarında isə 50 mənzil təşkil edib. Beləliklə, iki il ərzində yanvar aylarında mənzil alışı 23,1 faiz azalıb.
Fevral aylarında isə fərqli dinamika müşahidə olunur. 2023-cü ilin fevralında Azərbaycanlılar Türkiyədən 73 mənzil almışdılar. 2024-cü ildə bu göstərici 60-a enib. Lakin 2025-ci ilin fevralında mənzil alışı kəskin artaraq 87-yə yüksəlib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45 faiz artım deməkdir.
Azərbaycanlıların Türkiyədən mənzil alışı fonunda ümumi xarici alıcı bazarındakı tendensiyalar da diqqət çəkir. 2025-ci ilin fevral ayında ümumilikdə xaricilərə satılan mənzillərin sayı 1 457 olub ki, bu da ötən ilin fevral ayı ilə müqayisədə 21,1 faiz azalmadır. Yanvar ayında isə xarici vətəndaşlara 1 547 mənzil satılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24,9 faiz azalma deməkdir. Bu rəqəmlər göstərir ki, ümumilikdə Türkiyədə xarici vətəndaşlara mənzil satışı azalsa da, Azərbaycan vətəndaşlarının fevral ayında bazara marağı əksinə artıb.
Ölkələr üzrə analiz göstərir ki, 2025-ci ilin fevral ayında Türkiyədən ən çox mənzil alanlar 256 mənzillə Rusiya vətəndaşları olub. Onları 133 mənzillə iranlılar və 99 mənzillə iraqlılar izləyib. Yanvar ayında da eyni tendensiya müşahidə olunub – 248 mənzil Rusiya, 162 mənzil İran və 103 mənzil isə İraq vətəndaşları tərəfindən alınıb.
Xarici vətəndaşların Türkiyədən mənzil alışı ümumilikdə azalsa da, Azərbaycanlıların xüsusilə fevral ayında daha aktiv olduğu görünür. Bunun səbəbi mövsümi amillər, investisiya fürsətləri və ya qiymət dəyişiklikləri ola bilər.