FED.az xəbər verir ki, mövzu ilə bağlı suala vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev aydınlıq gətirir.
Sosial şəbəkədən pul qazananlar - NƏ QƏDƏR VERGİ ÖDƏMƏLİDİR?
2023-cü ilin sonuna qədər qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə əsasən, yükdaşıma və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər dövriyyədən vergi ödəmirdilər. Onlar “Fərqlənmə nişanı” almaqla il ərzində fəaliyyətlərini davam etdirirdilər və bunun üçün ödəniş edirdilər.
Lakin 2024-cü ildən Vergi Məcəlləsinin 218.4.1, 220.5, 221.4 maddələrində edilmiş dəyişikliklərə əsasən, artıq yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri əvvəlki kimi “Fərqlənmə nişanı”na görə deyil, dövriyyədən vergini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Yəni dövriyyəsi 200.000 manata qədər təşkil edən və vergi ödəyicisi olmayan şəxslərə (vətəndaşlara) xidmət göstərənlər sadələşdirilmiş vergi kimi 2 faiz dərəcə ilə vergi ödəyəcəklər. Vergi ödəyicilərinə xidmət göstərən və dövriyyəsi 200.000 manata qədər olan, həmçinin 75% güzəşt hüququndan istifadə edə bilən şəxslər gəlir (mənfəət) vergisini hesablayıb dövlət büdcəsinə ödəməli olacaqlar. Əvvəlki 12 aylıq dövriyyəsi 200.000 manatdan artıq olan vergi ödəyiciləri isə ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınmalı, ƏDV və mənfət vergisi ödəməli olacaqlar.
Misal 1: Yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxs 2024-cü ilin 1-ci rübü ərzində vətəndaşlara yüklərin daşınması ilə əlaqədar 15.000 manat gəlir əldə edib. Bu zaman həmin şəxs 2024-cü ilin 1-ci rübü üçün 300 manat vergini hesablayıb dövlət büdcəsinə ödəməlidir:
15.000 x 2% = 300 manat.
Misal 2: Yükdaşıma fəaliyyəti ilə məşğul olan və orta aylıq 3 işçisi olan şəxs 2024-cü il ərzində vergi ödəyicilərinə yükdaşıma xidməti göstərib və illik gəliri 90.000 manat, gəlirdən çıxılan xərcləri isə 15.000 manat təşkil edib. Bu zaman vergi ödəyicisi, Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən, mikro sahibkarlıq subyekti kimi gəlir (mənfəət) vergisi üzrə 75% güzəşt hüququndan istifadə edə bilər. Belə olan halda, onun büdcəyə ödəməli olduğu illik vergi məbləği 3.750 manat olacaq:
90.000 – 15.000 = 75.000 manat;
75.000 x 75% = 56.250 manat;
75.000 – 56.250 = 18.750 manat;
18.750 x 20% = 3.750 manat.
(vergiler.az)