İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aparılan rəqəmsal transformasiya və vergi xidmətlərinin elektronlaşdırılması prosesinin davamı olaraq e-taxes.gov.az portalında “Asan İmza” şəxsi kabineti istifadəyə verilib.
Bu barədə FED.az Xidmətə istinadən xəbər verir.
Məlumata görə, məqsəd rəqəmsal transformasiya ilə bağlı hökumətin təşəbbüslərini, istifadəçilərin “Asan İmza” xidmətinə artan marağını nəzərə almaq, bu xidmətdən istifadəçilər üçün məsafədən və rahat istifadəni təmin edilməkdir. Platforma şəffaflıq, elektron mühafizə (konfidensiallıq daxil olmaqla) və e-təhlükəsizliyi yaxşılaşdırmaqla effektli idarəçiliyi təmin etmiş olur.
Beynəlxalq standartlara uyğun yaradılmış "Asan İmza" şəxsi kabineti istifadəçilərin vaxtına qənaət etməyə və əməliyyatları qısa müddətdə yerinə yetirməyə yönəldilmiş virtual köməkçidir. Müasir rəqəmsal köməkçi bütün qurğularda - həm kompüterlərdə, həm də planşet və smartfonlarda əlçatandır.
Şəxsi kabinetdə "Asan İmza" istifadəçisinə bir sıra imkanlar təqdim edilir.
Belə ki, burada istifadəçiyə məxsus olan bütün "Asan İmza" sertifikatlarının etibarlılıq müddəti barədə ətraflı məlumat almaq, əlavə “İş” və ya “Dövlət” tipli sertifikatlar üçün onlayn ərizə ilə müraciət etmək, qüvvədə olan sertifikatların etibarlılıq müddətini artırmaq, istifadəçilər tərəfindən İstifadəçi ID-nin, PİN-kodlarını dəyişdirmək və istifadəçi tərəfindən "Asan İmza" ilə bütün imzalanmış tranzaksiyaları (PIN 2) monitorinq etmək imkanı yaradılıb.
“Asan İmza” şəxsi kabinetinin əsas funksiyalarından biri də yalnız müəssisə və təşkilat rəhbərləri üçün nəzərdə tutulmuş “icazələr”in idarə edilməsidir. Bu funksiya vasitəsilə işçilərin “Asan İmza” ilə elektron xidmətlərə əlçatanlığının idarə olunması barədə qərarlar verilə bilər.
Bundan başqa, artıq istifadəçilərin "Asan İmza" sertifikatlarının etibarlılıq müddətlərini yadda saxlamağa ehtiyac yoxdur, sistem əvvəlcədən bildirişləri proaktiv formada göndərir. Şəxsi kabinetdə virtual köməkçi vasitəsilə qüvvədə olan “Vətəndaş” sertifikatı ilə “İş” və ya “Dövlət” sertifikatlarının əldə edilməsi üçün müraciət etmək də mümkündür. Həmçinin istifadəçilər “Asan İmza” İstifadəçi ID-sini əlavə proqram təminatı istifadə etmədən şəxsi kabinetdə dəyişdirə bilərlər. İnnovativ xidmətlərin siyahısı daim yenilənir.
Qeyd edək ki, mobil rəqəmsal imza üçün bu qədər fərqli innovativ xidmətlərin birləşdiyi belə bir şəxsi kabinet unikaldır və indiyə kimi heç yerdə istifadə edilməyib. “Asan İmza” texnologiyası gücləndirilmiş elektron rəqəmsal imzanın dünya standartlarına uyğun yaradılıb və NIST (Milli Standartlar və Texnologiyalar İnstitutu, ABŞ), Avropa İttifaqı tənzimləyicisi - eIDAS kimi dünyanın aparıcı təşkilatları tərəfindən tanınıb və OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) tərəfindən ən innovativ təcrübə kimi təqdim olunub.