Vergi Məcəlləsinə edilən və 2024-cü il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdən biri də tibb müəssisələri ilə bağlıdır. Məcəlləyə əlavə edilən 164.1.51-1-ci maddəyə əsasən, tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilir.
Vergi Xidməti: "Azərbaycanda mikro sahibkarların vergi güzəştləri ləğv edilmir, təxirə salınır"
FED.az xəbər verir ki, "Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə bu yenilikləri şərh edir.
Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə bir sıra vergi güzəşti tətbiq ediləcək. Bunlardan biri də əlavə dəyər vergisi ilə bağlıdır. Bununla bağlı Vergi Məcəlləsinə 164.1.51-1-ci maddə əlavə edilib.
Digər yenilik isə gəlir vergisinin hesablanması ilə bağlıdır. Vergi Məcəlləsinə əlavə olunan 174.5-ci maddəyə əsasən, tibbi müəssisələrin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.
Misal: “BB” MMC tibb müəssisəsinin aylıq cəmi vergiyə cəlb edilən dövriyyəsi 480.000 manat olub. Dövriyyənin 120.000 manatı POS-terminal vasitəsilə əldə edilib. Müəssisənin aylıq əvəzləşdirə biləcəyi ƏDV isə 25.200 manatdır.
ƏDV-yə cəlb edilməli əməliyyat:
120.000 x 50% = 60.000 manat;
480.000 – 60.000 = 420.000 manat;
420.000 x 18% =75.600 manat.
Əvəzləşdirilən ƏDV məbləği - 25.200 manat.
Büdcəyə ödəniləcək ƏDV məbləği: 75.600 – 25.200 = 50.400 manat.
Misaldan da görə bilirik ki, POS-terminal vasitəsilə əldə edilən 120.000 manatın 50% -lik hissəsi ƏDV-yə cəlb edilmədi. Yəni şəxs 60.000 x 18% = 10.800 manat ƏDV ödəməyəcək.
Vergi Məcəlləsinin 102.1.41 və 106.1.34-cü maddələrinə əsasən, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər də mənfəət (gəlir) vergisinə cəlb edilməyəcək.
Xatırladaq ki, tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrinin siyahısına aşağıdakılar aiddir:
- Bakıda və regionlarda fəaliyyət göstərən tibb kollecləri;
- Azərbaycan Tibb Universiteti və onun klinikaları (onkoloji, stomatoloji, cərrahiyyə);
- Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu. (Vergilər.az)