Vergi Məcəlləsinin 174.5-ci maddəsinə əsasən, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.
FED.az xəbər verir ki, iqtisadçı ekspert Anar Bayramov qanunvericiliyin bu tələbini şərh edir.
Vergi Məcəlləsinə 2024-cü ildə əlavə edilən 174.5-ci maddənin məqsədi tibb sektorunda ƏDV ilə bağlı stimullaşdırmanın həyata keçirilməsidir. Tibb sektoru üzrə əvəzləşdirilən ƏDV ilə bağlı dövriyyənin yüksək olmaması səbəbindən Vergi Məcəlləsinə 174.5-ci maddə əlavə edilib. Maddə ilə bağlı diqqət yetirilməli 5 vacib məqam mövcuddur.
Birinci məqam. Güzəştin edilməsi yalnız əhaliyə göstərilən tibbi xidmətlər üzrə nəzərdə tutulub. Tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin elektron qaimə-faktura üzrə həyata keçirdiyi əməliyyatlar Vergi Məcəlləsinin 174.5-ci maddəsinin əhatə dairəsinə düşmür.
İkinci məqam. Əhali tərəfindən ödənişlər mütləq nağdsız qaydada POS-terminal vasitəsilə aparılmalıdır. Əhali ödənişləri nağd formada və ya ödəniş terminalları vasitəsilə nağdsız formada həyata keçirərsə, o zaman tibb sektoru üzrə güzəşt tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə şamil edilməyəcək.
Üçüncü məqam. Güzəşt müddətlidir. Vergi Məcəlləsinin 174.5-ci maddəsi üzrə güzəşt 2024-cü il yanvarın 1-dən 3 il müddətinə qüvvədə olacaq.
Dördüncü məqam Vergi Məcəlləsinin 174.5-ci maddəsində ƏDV üzrə güzəştin tətbiq edilməsinin (tibbi xidmətlərin göstərilməsi zamanı POS-terminal üzrə ödənişin) vətəndaşın "ƏDV geri al" layihəsi üzrə geri alınacaq məbləğə təsir etməməsidir.
Beşinci məqam vergi ödəyicisinin ƏDV dövriyyəsinin müəyyən edilməsi ilə bağlıdır. Vergi Məcəlləsinin 174.5-ci maddəsində qeyd edilir ki, əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır.
Misal: Tibb müəssisəsi olan ƏDV ödəyicisi 2024-cü ilin fevral ayında 30.000 (ƏDV-siz) manat məbləğində tibbi xidmət göstərib. Həmin xidmətlərin 5.000 manat (ƏDV-siz) məbləğindəki hissəsi POS-terminal vasitəsilə əhaliyə göstərilib. Bu zaman vergi ödəyicisi fevral ayı üzrə ƏDV bəyannaməsində 2.500 manatı (5000 x 50%) azaldılan dövriyyə qeyd etdiyi üçün dövlət büdcəsinə 5.400 manat yox, 4.950 manat məbləğində ƏDV-ni bəyan edəcək:
30.000 x 18% = 5.400 manat;
5.400 - (2.500 x 18%) = 4.950 manat.
Sonuncu məqam ƏDV üzrə azaldılan məbləğin vergi ödəyicisinin gəliri kimi nəzərə alınmasıdır. Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər üzrə ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər üzrə tam güzəştin olunması ilə bağlı müvafiq olaraq Vergi Məcəlləsinin106.1.34-cü və 102.1.41-ci maddələrində qeydlər aparılıb. Misalımıza uyğun olaraq, 450 manat (2.500 x 18%) ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər mənfəət (gəlir) vergisi üzrə nəzərə alınmayacaq. (Vergilər.az)