Son zamanlar rezidentlər tərəfindən xarici ticarət əməliyyatları həyata keçirilən zaman dolayı ödəmələrə rast gəlinir. Bu zaman vergilərin ödənilməsi ilə bağlı suallar ortaya çıxır.
Yükdaşıyan şirkətlər və sahibkarlar nə qədər vergi ödəməlidir?
FED.az xəbər verir ki, sərbəst auditor Altay Cəfərov həmin suallara aydınlıq gətirir:
Tutaq ki, rezidentlər tərəfindən malların idxalı ilə bağlı güzəştli vergi tutulan ölkədə olmayan şəxslə (sadə formada desək, ofşor zonada olmayan) müqavilələr bağlanılır, lakin malları göndərən birinci şəxsin tapşırığı ilə Honq Konqda olan bir şəxsdir (ofşor zonada olan). Başqa bir halda isə vergi güzəşti tutulan ölkələrdə qeydiyyatda olmayan şəxsdən mallar idxal olunur, amma ödəniş həmin şəxsin Honq Konqda olan bankına ödənilir. Bəs bu zaman ödəmə mənbəyində vergi tutulmalıdırmı?
Məsələyə tam aydınlıq gətirmək üçün misalları nəzərdən keçirək. Oxuculara tam aydın olması üçün güzəştli vergi tutulan ölkədə olan şəxsləri “ofşorda olan şəxslər” kimi, güzəştli vergi tutulan ölkədə olmayan şəxsləri isə “ofşorda olmayan şəxslər” kimi qeyd edəcəyik.
Misal 1: “AA” MMC Türkiyə Respublikasının hüquqi şəxsi olan “SS LTD” ilə avadanlıqların idxalı ilə bağlı müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə 50.000 ABŞ dolları dəyərində avadanlıq idxal olunacaq və rezident tərəfindən ödəniləcəkdir. Mallar idxal edilən zaman yük gömrük bəyannamələrinə nəzər yetirdikdə bəyannamənin malları göndərən (ixracatçı) hissəsində “SS LTD-nin tapşırıqı ilə MM engineering solutions, Honq Konq” yazısının olduğu görünür. Eyni zamanda, “AA” MMC 50.000 dolları Türkiyənin hüquqi şəxsi olan “SS LTD”-nin Türkiyədə olan bank hesabına ödəyib.
Misal 2: “AA” MMC-nin Türkiyə Respublikasının hüquqi şəxsi olan “SS LTD” ilə avadanlıqların idxalı üzrə müqaviləsi var. Müqavilənin şərtlərinə görə, 50.000 ABŞ dolları dəyərində avadanlıq idxal olunacaq və rezident tərəfindən ödəniləcəkdir. Malları “SS LTD” birbaşa özü Azərbaycana ixrac edib. Amma ödəniş “SS LTD”-nin Honq Konqda olan bank hesabına ödənilib.
Misal 3: “AA” MMC Honq Konqda qeydiyyatda olan “MM engineering solutions” ilə 20.000 dollarlıq malların idxalı müqaviləsi bağlayıb. Malların idxalı zamanı aydın olur ki, gömrük bəyannaməsində göndərən şəxs hissəsinə “MM engineering solutions” tapşırığı ilə “VV LTD İtaliya” yazılıb. Həmçinin, 20.000 ABŞ dolları Honq Konqdakı bank hesabına yox, “VV LTD”-nin İtaliyada olan bank hesabına ödənilib.
Misallarımızda olan hallara aydınlıq gətirmək üçün Vergi Məcəlləsinə müraciət etməliyik. Məcəllənin 13.2.16.14-1-ci maddəsinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank və digər ödəniş hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən ödənişlər hesab olunur.
Deməli, ofşor zonaya ödəniş edəndə ödəmə mənbəyində 10% vergi tutulması öhdəliyinin yaranması üçün aşağıdakı şərtlərin olması vacibdir:
- Şəxs ofşor zonada qeydiyyatdan keçməlidir, yaxud təsis edilməlidir.
- Ofşor zonada təsis edilmiş şəxlərə edilən ödənişlər onların ofşor zonada olmayan nümayəndəlik və ya filiallarına həyata keçiriləndə də ödəmə mənbəyində vergi tətbiq edilir.
- İstənilən bir şəxsin ofşor zonada olan bank hesablarına ödənişlər edildikdə də ÖMV-də 10% vergi tutulması tətbiq edilir.
- Ödənişlər birbaşa və ya dolayısı ilə ödənilə bilər. Yəni, dolayısı dedikdə, ofşor zonada olan şəxsə birbaşa yox, aralıq şəxslər və ya aralıq banklar vasitəsilə ödənişlər nəzərdə tutulur.
Birinci misalımızda “AA” MMC tərəfindən ödənilən 50.000 ABŞ dolları məbləğindən ödəmə mənbəyində vergi (10%) tutulmayacaq. Belə ki, avadanlığı satan hüquqi şəxs ofşor zonada qeydiyyatda deyil. Avadanlıq Honq Konqdan, ofşor zonada olan ölkədən gəlməsinə baxmayaraq, faktiki təchizatçı digər ölkədə, yəni ofşor zonada olmayan rezident olduğuna görə vergiyə cəlb edilmir. Bundan əlavə, 50.000 ABŞ dolları da Honq Konqa yox, Türkiyə Respublikasında olan banka ödənilib.
İkinci misalımızda isə artıq ödəmə mənbəyində 10% vergi tutulacaq. Baxmayaq ki, ixracatçı Türkiyədə qeydiyyatdadır, ancaq bank ofşor zonada olduğundan 10% vergi tutulacaq.
Üçüncü misalımızda da ödəmə mənbəyində vergi tutulacaq. Mallar faktiki olaraq İtaliyadan gəlib və İtaliya güzəştli vergi tutulan ölkə deyil, həmçinin vəsait də İtaliyaya ödənilib. Amma faktiki olaraq ixracatçı ofşor zonada qeydiyyatda olduğundan, bu əməliyyat dolayısı ilə aparılmış ödəniş kimi qiymətləndirilir. Vəsait İtaliyaya ödənilib, mallar da İtaliyadan gəlib. Lakin ixracatçı ofşor zonada olan şəxs olduğuna görə, əməliyyat dolayısı ilə ödəniş edilmiş əməliyyat kimi qiymətləndirilir və ödəmə mənbəyində 10% vergi tutulacaq.