Sahibkarlıq məqsədləri üçün xarici banklarda hesab asan iş adamları və şirkətləri bu barədə Dövlət Vergi Xidmətinə məlumat verməlidir.
FED.az xəbər verir ki, bu İqtisadiyyat Nazirliyi kollegiyasının qəbul etdiyi qərarda nəzərdə tutulur. Nazirliyin kollegiyası özünün 14 mart tarixli qərarı ilə 3 sənədi – məlumat formasını təsdiqləyib.
Qərara əsasən
1. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-ci maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında və ya bank əməliyyatı aparan şəxslərdə açılmış hesablar barədə məlumat forması”
2. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq, banklar, kredit təşkilatları və poçt rabitəsinin milli operatoru tərəfindən vergi ödəyicilərinə açılmış hesablar (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) barədə məlumat forması”
3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 35.5-ci maddəsinə uyğun olaraq, banklar, kredit təşkilatları və poçt rabitəsinin milli operatoru tərəfindən köçürülən vergi ödəyicilərinə məxsus hesablar barədə məlumat forması” təsdiq edilib.
Qərarda göstərildiyi kimi, yeni sənədlərin təsdiq edilməsi Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlıdır. Məsələn, məcəllənin 35,.1-ci maddəsinə edilən dəyişikliyə görə, artıq şirkətlər bank hesabı açmaq üçün sənədlər toplamalı olmayacaq. Nəticədə bu barədə məlumatı Vergi Xidmətinə bank verəcək.
Qərarın bu sənədlərlə bağlı hissələri 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.