Xatırladaq ki, 2023-cü ildə Vergi Məcəlləsinə 100-dən artıq dəyişikliyin edilməsi nəzərdə tutulub.
FED.az-ın məlumatına görə, Məcəlləyə dəyişikliklərin bir qismi ofşor ölkələrlə bağlıdır.
Belə ki, yeniliklərə əsasən ofşor sayvlan ölkələrin siyahısı genişlənəcək, bu ölkələrlə əməliyyatlara vergi nəzarəti artacaq.
Vergi məsələləri üzrə mütəxəssiss Teymur Tuncaq yeniliklərin bir qismini şərh edib.
«Güzəştli vergi tutulan ölkələr və ya ərazilərlə (sadə və qısa olsun deyə bundan sonra “ofşor ölkələr” yazacağam) bağlı Vergi Məcəlləsinin 128-ci maddəsinə nəzərdə tutulmuş dəyişikliyə əsasən ofşor ölkələrin meyarları indikindən fərqli olacaqdır.
Dəyişikliyin qısa məğzi ondan ibarətdir ki, 2023-cü ildən etibarən vergi dərəcəsi Məcəllədə müəyyən edilmiş dərəcənin 75 faizi və ya daha aşağı hissəsinə bərabər olan ölkələr və ya ərazilər “ofşor ölkələr” hesab olunacaq.
Hazırkı qanunvericilikdə ofşor ölkələrlə bağlı meyar isə vergi dərəcəsinin Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və və ya daha çox aşağı olmasıdır.
Layihəyə əsasən həmçinin Azərbaycan Respublikası ilə beynəlxalq müqavilələr çərçivəsində müvafiq standartlara uyğun məlumat mübadiləsini aparmayan ölkələr və ya ərazilər, habelə maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkələr və ya ərazilər də ofşor ölkələrə aid edilmişdir.
Yuxarıda qeyd edilən meyarlar ofşor ölkələrin müəyyən edilməsinin hüquqi əsasını təşkil edir və həmin ölkələrin siyahısını Prezident təsdiq edir. Yəni vergi ödəyicisi xarici ölkələrə ödəniş etdikdə həmin ölkənin ofşor olub-olmamasını qeyd edilən siyahı üzrə müəyyən etməlidir.
Dəyişiklik layihəsi belə güman etməyə imkan verir ki, növbəti ildə ofşor ölkələrin siyahısı daha da genişləndiriləcək.
Ofşor ölkələrə ödənişlərlə bağlı nəzərdə tulmuş digər dəyişiklik isə Məcəllənin 13.2.16.14-1-ci maddəsinə 10-cu hissənin əlavə edilməsidir. Belə ki, 2023-cü ildən qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəəti həmin qeyri-rezidentə köçürüldükdə (verildikdə) bu, Azərbaycan mənbəyindən gəlirlərə aid edilməyəcək.
Ofşor ölkələrə ödənişlərdən yazmışkən, bir məqamı da qeyd etmək istərdim. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 3-cü hissəsinə əsasən ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində güzəştli vergi tutulan ölkədəki hesabdan ödəyən şəxsin bank hesabına qaytarıldıqda Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir.
Misal: “F” MMC 2022-ci ilin fevral ayında malların idxalı ilə əlaqədar “X” şirkətinin Tayvandakı bank hesabına 30000 manat ödəniş etmişdir. Həmin məbləğ sövdələşmənin baş tutmaması səbəbindən may ayında “F” MMC-nin bank hesabına geri qaytarılmışdır.
Bu əməliyyat üzrə gəlir Azərbaycan mənbəyindən gəlir hesab edilmədiyindən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə müvafiq olaraq 10 faiz dərəcə ilə vergiyə cəlb olunmayacaq. Yuxarıdakı misal üzrə yaranan maraqlı məqam isə qeyd edilən əməliyyatın ödəmə mənbəyində tutulan vergi (ÖMV) bəyannaməsində hansı qaydada əks etdirilməsi ilə bağlıdır.
Belə ki, Vergi Məcəlləsinin 72.4-1-ci maddəsinə əsasən 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. Yəni ofşor ölkəyə ödənmiş 30000 manat 1-ci rüb üzrə bəyan edilməli, 2-ci rüb üzrə bayannamədə isə dəqiqləşdirilən əməliyyat kimi vergi məbləği azaldılmalıdır.
Hazırda qüvvədə olan ÖMV bəyannaməsi Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci il tarixli 2217040100103500 №-li Əmri ilə təsdiqlənmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi Qaydasına əsasən müəyyən edilmişdir.
Həmin qaydada Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsinin qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılması və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilməsi qeyd olunsa da mövcud bəyannamədə həmin sətirlər nəzərdə tutulmamışdır. İstər ofşor ölkələrə ödənişlər, istərsə də digər mənbədən verginin tutulmasını şərtləndirən ödəmələr üzrə Məcəllənin 163-cü maddəsində nəzərdə tutulmuş hallar yaranırsa əvvəlki dövr üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsi tövsiyə olunur».