Vergi Məcəlləsinə əsasən, vergiödəyicisi vergi orqanından “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə, həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında maliyyə sanksiyasına məruz qalır.
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyicisinə təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə isə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Bundan başqa, Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə uçota alınmaq üçün ərizənin verilməməsi, eləcə də digər uçot məlumatlarında (vergiödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə də 40 manat miqdarında cərimə tətbiq olunur.