Koronavirus pandemiyası şəraitində vergiödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər əsasən vergiödəyicilərinin cari ödəmələri ilə bağlı güzəştləri nəzərdə tutur.
Eləcə də bax: Vergi güzəşti edilən sahələr və - GÜZƏŞTİN HƏCMİ AÇIQLANIB – VİDEO
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev bu dəyişikliklərə əsasən turizm müəssisələri, turoperatorlar, turagentlər, hazırlıq və ixtisasartırma kursları, ictimai iaşə xidməti göstərən müəssisələr, avtomobil nəqliyyatı vasitəsilə ölkə daxilində sərnişin və yükdaşıma xidməti göstərən müəssisələr, mehmanxanalar və bu tipli digər obyektlər, eləcə də istirahət-əyləncə mərkəzlərinin daxil olduğunu deyib.
İqtisadçı Vergi Məcəlləsində sadələşdirilmiş vergi ilə bağlı mühüm dəyişikliklərin edildiyini də diqqətə çatdırıb: “Bu, ictimai iaşə sektorunda fəaliyyət göstərən vergiödəyicilərinin zərərlərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. İctimai iaşə sektorunda çalışan sahibkarlar bu il sadələşdirilmiş vergini 8 faiz əvəzinə 4 faiz dərəcəsi ilə, digər sadələşdirilmiş vergiödəyiciləri isə ümumi dövriyyədən 1 faiz məbləğində vergi ödəyəcəklər”.
R.Fətullayev, həmçinin vurğulayıb ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə sərnişin daşınması xidməti göstərən vergiödəyicilərinin öhdəlikləri də nəzərə alınıb. Bu sektorda vergi məbləğləri 50 faiz azaldılıb. Belə ki, taksi xidməti göstərən şəxslər Bakı şəhərində 2020-ci il ərzində aylıq 9 manat vergi ödəyəcəklər və digər bölgələrdə də bu məbləğ əmsallara müvafiq olaraq azaldılacaq.